İctimai fəal Bəxtiyar Hacıyev fevralın 11-də Bakı Şəhər Baş Polis İdarəsində idarənin rəis müavini tərəfindən qəbul edildiyini və təhdid edildiyini bildirir.
Hacıyevin sözlərinə görə, idarənin rəis müavini, polkovnik Vüqar Ələkbərov onu otağına dəvət edərək Vilayət Eyvazov haqqında yazdığı son postdakı "Vilayət" müraciətinə və "başa düşürmü, qanırmı?" ifadələrinə görə çox sərt şəkildə təhdid edib. "Bildirdi ki, buna görə onun ətrafından bir çoxları poqonlarını çıxara bilər və mənim başıma elə oyunlar gətirə bilərər ki, bu həbsdən də betər cəza olar. Dediyinə görə ətrafındakı bir çox insan ona müraciət edib ki, icazə verin, Bəxtiyar Hacıyevi cəzalandıraq, başına oyun gətirək, o isə buna etiraz edib. Sonra əlavə etdi ki, səni bizə qarşı öyrədən kimlərsə var ki, sabah onlar tərəfindən başına nə isə gəlsə, DİN və Vilayət Eyvazov hədəfdə qala bilər, ona görə də xəbərdarlıq edirəm, nazirə "Vilayət" deyərək müraciət etməyin, "qanırmı" deməyimə görə çox sərt addımlar ola bilər", - deyə Bəxtiyar Hacıyev qeyd edib. Bəxtiyar Hacıyev isə bildirib ki, onun başına bir iş gəlsə, nazir Vilayət Eyvazov məsuliyyət daşıyacaq. Ancaq Daxili İşlər Nazirliyi Bəxtiyar Hacıyevin iddialarını təkzib edib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev “Turan” Agentliyinə bildirib ki, Bəxtiyar Hacıyevə qarşı heç bir təhdiddən söhbət gedə bilməz: "Bəxtiyar Hacıyev öz ampluasındadır. Səsləndirilən iddialar əsassızdır"