8 Fevral 2022
Mətni dəyiş
Avstraliyanın Baş naziri Skott Morrison və siyasi liderlər parlament binasında təcavüzə uğrayan Brittani Higgins və cinsi zorakılığa məruz qalan bütün dövlət qulluqçularından rəsmi olaraq üzr istəyiblər.
2019-cu ildə Avstraliyada parlament binasındakı nazir kabinetində gecə saatlarında işləyərkən təcavüzə məruz qaldığını açıqlayan Brittani Higgins ölkədəki təcavüz və cinsi istismar problemini gündəmə gətirib.
Higginsin cinayət şikayətindən sonra araşdırma başladılıb və mövzu ilə bağlı parlamentdə iclas keçirilib. Higgins də sessiyada iştirak edib və liderlərin çıxışlarını dinləyib.
İclasda çıxış edən Baş nazir Skott Morrison zorlama və cinsi istismarı ölkə gündəminə gətirən Higginsə baxaraq deyub: “Bu gün burada olmağımızın səbəbi və daha da əhəmiyyətlisi bir çox cəsarətli işçinin, xüsusilə də qadınların qarşılaşdığı problemlərin üzə çıxarılmasındakı roluna görə, Higginsə təşəkkür etmək istərdim”.
"Bağışlayın, üzr istəyirik. Burada baş verən dəhşətli hadisələrə görə Higginsdən üzr istəyirəm", deyən Baş nazir Morrison "Ancaq bundan əlavə, Higginsdən əvvəl eyni şeylərə dözənlərdən də üzr istəyirəm" əlavə edib.
Baş nazirin müavini Barnabi Coys bu açıqlamalarla razılaşdığını bildirərək daha yaxşı işlər görmək üçün çalışacaqlarını söyləyib.
Müxalif İşçi Partiyasının lideri Entoni Albanes də üzr istəyib: "Siz status-kvonun ən iyrəncinə həyat dəstəyi rolunu oynayan sükutu pozdunuz".
Parlamentdə çalışan hər üç nəfərdən biri cinsi təcavüzə məruz qalır
Parlament əməkdaşı Brittani Higginsin 2019-cu ildə parlament binasındakı bir nazirin kabinetində gecə işləyərkən təcavüzə məruz qaldığını açıqlamasının ardından başladılan istintaq nəticəsində Gender Ayrı-seçkilik Komissiyasının üzvü Keyt Cenkins 2021–ci ilin noyabr ayında hərtərəfli və müstəqil hesabat hazırladıqlarını açıqlayıb.
Parlament binasındakı iş mədəniyyəti ilə bağlı çoxu qadınlar, keçmiş siyasətçilər və işçilərdən ibarət 1723 adamla söhbət edilərək hazırlanan hesabatda Avstraliya Federal Parlamentində çalışan hər 3 nəfərdən birinin cinsi təcavüzə məruz qaldığı bildirilib.