15 Fevral 2022
Mətni dəyiş
Avropa İttifaqının (Aİ) Avropa Məlumatların Mühafizəsi üzrə Nəzarətçisi (EDPS) İsrailin ˝NSO Group˝-u tərəfindən hazırlanmış Pegasus casus proqramının qadağan edilməsinə çağırıb.
EDPS-in verdiyi açıqlamada bildirilib ki, “Pegasus”-dan istifadə "gündəlik həyatın ən intim tərəflərinə görünməmiş müdaxiləyə" səbəb ola bilər.
Bəyanatda deyilir: “Aİ-də “Pegasus”-a bənzər casus proqramların işlənib hazırlanması və yerləşdirilməsinə qadağa qoyulması əsas hüquq və azadlıqlarımızı qorumaq üçün ən təsirli variant olacaq”.
Açıqlamada, “Pegasus” kimi vasitələrlə bağlı müzakirələrin mərkəzində təkcə texnologiyadan istifadə deyil, həm də “məxfilik hüququna verilən əhəmiyyətin” yer almasının vacibliyi vurğulanıb.
Parisdə yerləşən qeyri-kommersiya jurnalistlər qrupu olan Forbidden Stories tabeliyindəki 17 media orqanı ötən il “Pegasus”-un qlobal şəraitdə jurnalistlərə, hökumət rəsmilərinə və insan haqları fəallarına məxsus smartfonları “sındırmaq” üçün istifadə edildiyini açıqlayıb. Proqram təminatının müxtəlif ölkələrə satıldığı və bu ölkələrin rəqiblərini, vəkilləri, jurnalistləri və “düşmənlərini” dinləmək üçün sözügedən tətbiqə əl atdıqları açıqlandıqdan sonra qalmaqal daha da böyüyüb.
“NSO group” “Pegasus” proqram təminatını hökumətlərə satdıqdan sonra onun tətbiqində iştirak etmədiklərini açıqlayıb.
“Peqasus”-un bəzi ölkələrin hökumətləri tərəfindən hüquq müdafiəçiləri, jurnalistlər və siyasətçiləri hədəfə almaq üçün istifadə edildiyi üzə çıxdıqdan sonra İsrailə qlobal təzyiqlər olub.