Avropa İttifaqı Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyevin hüquqlarını Müdafiə Komitəsinin müraciətinə reaksiya verib.
Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının koordinatoru Riçard Tibbetsin imzası ilə Komitəyə göndərilən məktubda bildirilir ki, Əliyevin həbsi Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin, Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin nəzarətindədir.
Həmçinin qeud olunur ki, Avropa İttifaqının Bakı nümayəndəliyi vəziyyəti izləyir və bunu Azərbaycan hakimiyyətinin diqqətinə çatdırır.
Yanvarın 13-də Yasamal Rayon Məhkəməsi Əli Əliyevi böhtan ittihamı ilə beş ay müddətinə azadlıqdan məhrum edib. İddia Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərov tərəfindən qaldırılıb. İkinci zabit Ramin Adilov da Əliyevə qarşı eyni iddianı qaldırıb. Onlar noyabrın 30-da Xızıda qəzaya uğramış Mi-17 vertolyotunda olublar.
İddiaya səbəb dekabrın 9-da Əli Əliyevin “Osmanqızı TV” YouTube kanalına verdiyi müsahibədir. O deyib ki, qəzaya uğramış vertolyotda 14 nəfər həlak olub və heç kim sağ qala bilməz. Odur ki, həmin zabitlərin vertolyotda olduqlarına inanmır.