Cümə axşamı ATƏT–in mətbuat azadlığı üzrə koordinatoru Tereza Riberio Bakıda küçə aksiyasının işıqlandırılması zamanı reportyor Fatimə Mövlamlıya təzyiq faktını pisləyib.
“Fevralın 15-də Azərbaycanda polisin Fatimə Mövlamlıya və digər mətbuat işçilərinə qarşı zorakılığı barədə məlumat qəbuledilməzdir. Jurnalistlər təhlükəsiz şəraitdə işləmək imkanına malik olmalıdırlar. Ümid edirəm ki, hakimiyyət operativ araşdırma aparacaq", - o, Tvitter hesabında yazıb.
Fevralın 15-də jurnalist Fatimə Mövlamlı Daxili İşlər Nazirliyinin 9-cu polis bölməsində döyüldüyünü bildirib. Mövlamlının sözlərinə görə, polislər onun gödəkcəsini də cırıblar."Bizi Prezident Administrasiyasının qarşısında saxladılar. Mobil telefonları almaq istədilər və çəkilişi silməyi tələb etdilər. 9-cu bölmədə çavuşlar rəhbərliyin gözləri qarşısında məni iki dəfə döşəməyə yıxaraq vurmağa başladılar. Ayağımda ayaqqabının izləri qaldı. Onlar mənim gödəkcəmi cırdılar", - o deyib.
Daxili İşlər Nazirliyində Mövlamlının bəyanatını "əsassız" adlandırıblar. Ancaq Nazirliyin sonradan verdiyi məlumatda bildirilib ki, Fatimə Mövlamlıya qarşı zorakılıq edən polis əməkdaşları vəzifələrindən kənarlaşdırılıblar.