14 Fevral 2022
Mətni dəyiş
Amsterdam Şəhər Şurası yüksək kirayə haqqı gözləyərək evlərini boş saxlayan ev sahibləri üçün sanksiya qərarları qəbul edib.
Hollandiyanın paytaxtı Amsterdamda boşalan evlərini bələdiyyənin müəyyən etdiyi müddətdə icarəyə verməyən ev sahibləri cərimələnəcək. Bu tətbiq ilə Amsterdam Şəhər Şurası, mənzil çatışmazlığı olan şəhərdə yüksək kirayə gözləntiləri və ya uzun müddətli təmir səbəbiylə evlərin boş qalmasının qarşısını almağı hədəfləyir.
Şəhər rəhbərliyi 2017-ci ildən bəri mənzil və boş ev problemi üzərində işləyir. Xüsusilə Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasından (Brexit) sonra bir çox şirkət və qurumların Londondan Amsterdama köçürülməsi mənzil probleminin artmasına səbəb olub. Son iki ildə Amsterdamda 10.000 ev sahibləri tərəfindən istifadə edilməkdənsə, baha qiymətə icarəyə verilib.
Amsterdamda orta aylıq kirayə haqqı 1500 avro civarındadır.
Mənzillərin 6 faizi uzun müddətdir boşdur
Şəhərdə əhəmiyyətli sayda ev sahibi yüksək kirayə gözləntiləri səbəbindən evlərini uzun müddət boş saxlayır. Hollandiya Statistika İnstitutunun (CBS) məlumatına görə, Amsterdamda evlərin təxminən 6 faizi uzun müddətdir boşdur. Yüksək kirayə gözləntiləri və ya uzun müddətli təmir səbəbiylə evləri boş qoymaq mənzil böhranının daha da pisləşməsinə səbəb olur. Buna görə də Amsterdam Şəhər Şurası evlərini bilərəkdən boş saxlayan mülk sahiblərinə qarşı tədbir görməyə qərar verib.
Ev sahibləri kirayənişin tapmaq məcburiyyətində qalacaq
Əvvəllər qanundakı boşluq səbəbindən ev sahiblərinə qarşı heç bir məcburiyyət praktikası və ya cəza sanksiyaları yox idi. Lakin bu, Amsterdam Şəhər Şurası tərəfindən qəbul edilən yeni təkliflə artıq mümkündür. Ev boş qaldıqdan sonra üç ay ərzində şəhər rəsmiləri ev sahibi ilə görüşə başlayacaq. Mülk sahibi bələdiyyənin müəyyən etdiyi müddətdə evi yenidən yaşayış üçün yararlı vəziyyətə salacaq.
Ev sahibləri mümkün qədər tez yeni kirayəçi tapmaq üçün əllərindən gələni etməli olacaqlar. Mülk sahibləri də müvəqqəti kirayə üçün müraciət etmək məcburiyyətində qalacaqlar. Təmir olunacaq və ya söküləcək evlər də müvəqqəti olaraq icarəyə veriləcək.
6 ay məlumat verməyənə pul cəzası kəsiləcək
Evlərinin boş olduğunu 6 ay ərzində bələdiyyəyə bildirməyən sahiblər “böhran və bərpa qanunu”na əsasən cərimələnəcəklər. Müəyyən olunmuş müddətdə icarəyə verilməyən evlərin bələdiyyənin təyin etdiyi “bazar əsaslı kirayə qiyməti” əsasında icarəyə verilməsi tətbiq olunacaq. Bu, ev sahiblərinin yüksək kirayə haqqı tələb etmək və ya daha çox ödəməyə hazır olan kirayəni gözləmək üçün uzun müddət evlərini boş saxlamasının qarşısını alacaq.
Ev almaq üçün də yeni şərtlər irəli sürülüb
Bələdiyyənin bildirdiyinə görə, son illərdə mənzil qıtlığı və qiymətlərin artması səbəbindən bir çox insan Amsterdamda evləri sırf kirayə vermək üçün alır. Bu səbəbdən də bələdiyyə ev almaq üçün yeni şərtlər irəli sürüb. Aprel ayından qiyməti 512 min avroya qədər olan ev alan insanlar ən azı 4 il bu evdə yaşamalı olacaqlar.
Amsterdam Şəhər Şurasının üzvü Yakob Vedemeijerin sözlərinə görə, şəhərdə mənzil böhranı var. Vedemeijer Hollandiya mediasına bildirib ki, bu tənzimləmə ilə ev sahiblərini bazara əsaslanan kirayə haqqı qarşılığında ev kirayə verməyə məcbur edə bilərlər. ˝Bahalı kirayələrə tələb yoxdursa, kirayə haqqı aşağı düşməlidir", deyə o əlavə edib.