23 Fevral 2022
Mətni dəyiş
Avropa Parlamenti "Pegasus" casus proqramı qalmaqalını araşdırmaq üçün komissiya yaradır. Onun İttifaqa üzv olan bir sıra dövlətlərdə siyasətçilər, jurnalistlər və fəalları təqib etmək məqsədilə istifadə edildiyinə dair sübutlar artır.
Brüssel Məlumatların Mühafizəsi İdarəsi "Pegasus"-un Aİ-də qadağan edilməsinə çağırıb. Avropa komissarı Didye Reynders Avropa Parlamentinin üzvlərinə deyib ki, o, milli təhlükəsizlik xidmətlərinin siyasi opponentlər haqqında məlumatı qanunsuz əldə etmək cəhdlərini “tamamilə pisləyir”.
"Pegasus" nədir və niyə bu qədər təhlükəli hesab olunur?
İsrailin kibersilah şirkəti "NSO Group" tərəfindən hazırlanmış "Pegasus" casus proqramı iOS və Android əməliyyat sistemləri ilə işləyən mobil telefonlara və digər elektron cihazlara gizli şəkildə quraşdırıla bilər.
"Pegasus"-un varlığı bəzi beynəlxalq medianın birgə araşdırması nəticəsində üzə çıxıb. Bu proqram vasitəsilə vətəndaş fəalları, jurnalistlər, hüquqşünaslar və ictimai xadimlər haqqında həssas məlumatların sızması aşkar edilib. ˝Qadağan olunmuş Hekayələr˝ konsorsiumu və Amnesty International insan haqları təşkilatı tərəfindən həyata keçirilən bu araşdırma (Project Pegasus) 2021-ci ildə Jurnalistika üzrə ilk Daphne Caruana Galizia Parlament Mükafatını qazanıb.
Avropa nə edir?
Avropa Parlamenti səviyyəsində araşdırma komissiyasının yaradılmasına “Avropanı yenilə” liberal fraksiyası nail olub.
Macarıstan müxalifətçi deputatı Anna Julija Donat bildirib ki, ˝Pegasus˝ bütün seçki prosesini təhlükəyə ata bilər:
“2022-ci ilin yazında Macarıstanda parlament seçkiləri keçiriləcək. Bu seçkidə şanslar böyükdür. Hakim partiyanın gördüyü bütün antidemokratik tədbirlərə baxmayaraq, Viktor Orbanın dəyişdirilməsi real ehtimalı var”.
"Jurnalistlərin, tələbələrin, vəkillərin, müxalif siyasətçilərin telefonları izlənilib", - deyə o, davam edib: "Ona görə də müstəqil Avropa təhqiqat komissiyasına ehtiyacımız var. Viktor Orban isə Avropa Parlamentinə çağırılmalı və mühakimə olunmalıdır. Qanunun aliliyinin daha da pozulmasının qarşısının alınması üçün bunu etməliyik”.
İndi Brüssel bir qrup media təşkilatının ˝Pegasus˝ proqramının dünyanın bir çox ölkələrində, o cümlədən Avropa İttifaqında jurnalistlərə, fəallara və siyasətçilərə qarşı istifadə edildiyi barədə məlumat yaydıqdan sonra eyni dərəcədə əhəmiyyətli addım atır.
Parlament komissiyası araşdırmasını başa vurduqdan sonra milli hökumətlərə və Avropa Komissiyasına hesabat təqdim edəcək.
Avropa İttifaqı hələ ki, araşdırmanın başlanması üçün bir tarix təklif etməyib, lakin Polşa və Macarıstan kimi ölkələrdə qanunun aliliyi ilə bağlı məsələləri müzakirə etdikdən sonra ətraflı araşdırma qaçılmaz görünür.