18 Fevral 2022
Mətni dəyiş
ABŞ dövlət katibi Entoni Blinken çərşənbə günü Rusiya qanunvericilərinin Ukraynanın şərqindəki Rusiyanın dəstəklədiyi iki separatçı regionu müstəqil kimi tanımaq fikrini pisləyib.
Rusiyanın Aşağı Palatası çərşənbə axşamı prezident Vladimir Putinə 2014-cü ildə Ukrayna inqilabı zamanı prezident Viktor Yanukoviç vəzifəsindən kənarlaşdırıldıqdan sonra Ukraynadan ayrılaraq, özünü müstəqillik elan etmiş Donetsk və Luqansk Xalq Respublikalarının tanıması üçün müraciət ünvanlayıb.
Avropa İttifaqı Moskvanı Dövlət Dumasının qərarını qəbul etməməyə çağırıb. Səsvermənin təsdiqi Rusiyanın Ukrayna sərhədləri boyunca hərbi gücünü artırması ilə bağlı Rusiya ilə Qərb ölkələri arasındakı gərginliyi daha da gücləndirə bilər.
“Bu qətnamənin qəbulu Ukraynanın suverenliyini və ərazi bütövlüyünə daha da xələl gətirəcək. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir və Rusiyanın bu böhranın sülh yolu ilə həllinə nail olmaq üçün diplomatiyaya davam etmək öhdəliyini şübhə altına alacaq”, deyə Blinken bildirib.
Blinken “belə bir addım Birləşmiş Ştatların müttəfiqləri və tərəfdaşları ilə tam koordinasiya ilə sürətli və qəti cavab verməsini tələb edəcək”, deyə xəbərdarlıq edib.
Rusiya Ukraynanı işğal etmək planının olduğunu rədd edib və Qərbi gərginliyi qızışdırmaqda ittiham edib.
Bu respublikaların tanınması 2014 və 2015-ci illərdə Rusiyanın dəstəklədiyi separatçıların Ukraynanın Donbas bölgəsində əraziləri ələ keçirməsindən sonra əldə edilmiş Minsk razılaşmalarına hədə ola bilər.
Ukrayna 2014-cü ildən bəri separatçı regionlarla müharibə şəraitindədir və bu münaqişə 15 minə yaxın insanın ölümünə səbəb olub.