9 Fevral 2022
Mətni dəyiş
Bir qrup Konqres üzvü ABŞ dövlət katibi və müdafiə nazirinə məktub göndərərək F-16-ların Türkiyəyə satılmamasını tələb ediblər. AKP iqtidarını “rejim” kimi xarakterizə edən məktubda insan haqlarının pozulması ilə bağlı sərt ifadələr yer alıb.
Konqresmenlər Frenk Pallon və Qus M. Bilirakisin başçılıq etdiyi məktubu Konqresin 50-dən çox üzvü imzalayıb.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin və ABŞ dövlət katibi Entoni Blinkenə ünvanlanan məktubda deyilir: “Biz Türkiyənin hava qüvvələrini modernləşdirmək üçün ABŞ-dan Block 70 F-16 təyyarələri və mexaniki buraxılış qurğuları almaq təklifini rədd etməyinizi şiddətlə tövsiyə edirik”.
Məktubda qeyd edilir ki, bu təklifin təsdiqlənməsi həm Türkiyənin ABŞ və NATO qarşısındakı öhdəliklərinə məhəl qoymayan prezident Rəcəb Tayyib Ərdoğanı, həm də ölkə daxilində və xaricdə insan haqları pozuntularına yol verən rejimini mükafatlandıracaq.
“Türkiyə mülkiləri hədəf alır”
Türkiyənin noyabr ayında ABŞ-dan 40 Block 70 F-16 döyüş təyyarəsi və 80 modernizasiya dəsti tələb etdiyi bildirilən məktubda bu tələbin Ərdoğan rejiminin Şərqdə sabitliyi pozmaq üçün Aralıq dənizi, Yaxın Şərq, Cənubi Qafqaz və Şimali Afrikada dəfələrlə hərbi gücdən istifadə etməsinə cavab olduğu bildirilib. “Türkiyə ordusu və Türkiyənin dəstəklədiyi qruplar İraq, Suriya və Dağlıq Qarabağda xəstəxana və məktəblər kimi mülki obyektləri qəsdən bombalamaq da daxil olmaqla, sərhədyanı əməliyyatlar zamanı hərbi cinayətlər törətmək üçün Amerika istehsalı olan silah və avadanlıqlardan istifadə edib”.
“Türkiyənin ABŞ-dan qabaqcıl döyüş təyyarələri alması Ərdoğanı öz siyasətini dəyişməyə və yaxşı oyunçu olmağa sövq etməyəcək” deyilən məktubda bunun Türkiyə ordusunun daha çox ölüm və dağıntıya səbəb olmasına yol açacağı qeyd edilib.
“Ərdoğan ABŞ və Rusiyanı qarşı-qarşıya gətirmək istəyir”
Məktubun davamında Türkiyənin ABŞ-ın silahları və hərbi əməliyyatları ilə bağlı mühüm taktiki məlumatları Rusiyaya açıqlaya biləcək S-400 raketdən müdafiə sistemlərindən istifadə etdiyi əlavə edilib. “Bu, NATO müttəfiqi kimi öhdəliklərinə zidd olsa da və Amerikanın milli təhlükəsizliyini təhlükəyə atsa da, Ərdoğan istədiyi məqsədlərinə çatmaq üçün ABŞ və Rusiyanı bir-birinə qarşı qoymaq üçün daim bu taktikadan istifadə edir”.
Türkiyə Prezidenti Ərdoğanın iqtidardakı üstünlüyünü qorumaq üçün vətəndaş cəmiyyətini sıxışdırmağa və insan haqlarını pozmağa davam etdiyini xatırladan məktubda “Elə ötən həftə bir türk jurnalist ifadə və mətbuat azadlığına hörmət etməyən bu zalım hökumət dövründə adi hala çevrilən “Ərdoğanı təhqir etdiyinə görə” ittihamı ilə həbs olunub”.