21 Fevral 2022
Mətni dəyiş
ABŞ Rusiyanın əlində mümkün işğaldan sonra öldürüləcək və ya həbs edilərək konsentrasiya düşərgələrinə göndəriləcək Ukrayna vətəndaşlarının siyahısı olduğunu iddia edib.
Əlindəki məlumatların “etibarlı mənbələr”ə əsaslandığını bildirən ABŞ ittihamı yazılı şəkildə Cenevrədəki BMT-nin İnsan Haqları üzrə Ali Nümayəndəsi Mişel Baçeletə təqdim edib.
The New York Times qəzetinin əldə etdiyi məktubda Rusiyanın işğaldan sonra Ukraynada işgəncə və məcburi həbs kimi geniş insan haqları pozuntularına yol verəcəyi iddia edilib.
Ukraynadakı rus müxaliflər hədəfdədirlər
Ukraynada yaşayan rusiyalı və belaruslu dissidentlər, jurnalistlər, korrupsiya ilə mübarizə aparanlar, etnik və dini azlıqların nümayəndələri, LGBTQ icması üzvlərinin Rusiyanın hədəfində olacaqları iddia edilib.
ABŞ-ın BMT-dəki nümayəndəsi səfir Batşeba Nell Kroker tərəfindən imzalanan məktubda deyilir: "Rusiya qüvvələrinin dinc etirazları dağıtmaq və ya müqavimətə qoşulan mülki əhalinin nümayişlərinə qarşı çıxmaq üçün böyük ehtimalla öldürücü tədbirlərdən istifadə edəcəyi barədə etibarlı məlumatımız var".
Məktubda ABŞ dövlət katibi Entoni Blinkenin ötən həftə BMT Təhlükəsizlik Şurasındakı çıxışı zamanı əllərində Rusiyanın Ukraynada müəyyən xüsusi qrupları hədəf alacağına dair məlumat olduğunu deməsi də qeyd edilib.
Ukraynanın NATO-ya üzv olmaq cəhdlərinə qarşı çıxan Rusiya noyabr ayından bu ölkə ilə ümumi sərhədinə 100 mindən çox hərbçi toplayıb.