23 Fevral 2022
Mətni dəyiş
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenə Ermənistanla əlaqələri yaxşılaşdırmağın mümkünlüyündən danışıb. O deyib ki, Yerevan iki ölkə arasında normallaşma prosesinə sadiq qalarsa, onunla sərhədləri açar, diplomatik münasibətləri yenidən qurar.
Fevralın 23-də Afrikadan qayıdan Ərdoğan jurnalistlərə deyib ki, “Ermənistanın sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması kimi konkret gözləntiləri olduğunu bilirik”.
“Ermənistan xüsusi elçilərlə başlanmış prosesi davam etdirərsə, bağlı qapılar qapalı qalmayacaq”, – o deyib.
Ermənistan və Türkiyənin elçiləri yanvarın 14-də Moskvada danışıqların ilk raundunu keçiriblər. Məqsəd illərlə çəkmiş ədavətdən sonra əlaqələri normallaşdırmaqdır.
Ermənistanı danışıqlarda parlamentin spiker müavini Ruben Rubinyan, Türkiyəni isə ABŞ-dakı keçmiş səfir Sərdar Kılıc təmsil edir. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər əlaqələri “dialoq vasitəsilə” və qeyd-şərtsiz tənzimləmək üzərində işləməyin vacibliyinə razılaşıblar.
Danışıqların ikinci raundu fevralın 24-də Vyanada keçirilməlidir.
1915-ci ildə Osmanlı imperiyası dövründə ermənilərin kütləvi öldürülməsi Ermənistanla Türkiyənin münasibətlərini tarixən mürəkkəb edib.
Ancaq Türkiyə Ermənistanla sərhədi onun Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinə görə bağlayıb. Ankara sərhədi 1993-cü ildə, Ermənistanın Qarabağı və ətraf 7 rayonu ələ keçirməsindən sonra qapadıb.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.