2 Fevral 2022
Mətni dəyiş
Əfqanıstanda qız tələbələrin universitetə qayıtmasına icazə verilib.
Taliban hakimiyyətə gəldikdən sonra bağlanan dövlət universitetləri bu həftə qapılarını tələbələrin üzünə açıb.
Rəsmilər Reuters-ə bildiriblər ki, Taliban qız tələbələrin universitetə qəbulu ilə bağlı rəsmi açıqlama verməyib, lakin onlara fiziki olaraq kişi tələbələrdən ayrı olmaq şərti ilə dərslərdə iştirak etməyə icazə verilir.
Cəlalabad şəhərindəki bir şahid bu həftə açılan dövlət universitetlərindən biri olan Nangarhara ayrı bir qapıdan qız tələbələrin qəbul edildiyini gördüyünü söyləyib.
Taliban 1996-2001-ci illərdə hakimiyyətdə olarkən qızların məktəbə getməsinə qadağa qoymuşdu.
Ötən il avqustun 15-də paytaxt Kabilə və ölkənin əksər hissəsinə nəzarəti ələ keçirən Taliban “dəyişdiklərini” iddia etsə də, qadınlara qarşı sərt və təzyiqçi siyasətini davam etdirir. Bir çox qadınların işə getməsinə icazə vermədiyi kimi, bir çox ştatlarda orta məktəb yaşında olan qızların təhsil almasına da maneə yaradır.
Bəzi özəl universitetlər də yenidən açılıb, lakin bir çoxları qız tələbələrin dərslərdə iştirak etməsinə icazə verməyib.
Xarici dünyanın köməyinə ehtiyacı olan Əfqanıstana beynəlxalq ictimaiyyətin qoyduğu ən mühüm şərt qızların və qadınların təhsil almasına şərait yaratmaqdır.
Birləşmiş Millətlər Təşkilatı qız tələbələrin dövlət universitetlərinə qəbulundan məmnunluğunu dilə gətirməklə bununla bağlı rəsmi məlumata malik olduğu mesajını verib.
Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Missiyası dünən axşam Twitter hesabından verdiyi açıqlamada, "2 fevralda bütün oğlan və qız tələbələr üçün universitetlərin açılmasını alqışlayırıq. Bu, bütün gənclərin təhsildə bərabər imkanlara malik olması üçün çox vacibdir" deyə qeyd edilib.
Adının açıqlanmasını istəməyən bir məmur Reuters agentliyinə bildirib ki, qızları oğlanlardan ayrı tutmaq üçün universitetlərə ayrıca siniflər açmaq və müxtəlif vaxtlarda dərs almaq kimi seçimlər verilib.
Nangarhar Universitetinin rektoru Xəlil Əhməd Bihsudval Reuters agentliyinə bildirib ki, onlar oğlan və qız tələbələr müxtəlif siniflərdə təhsil alacaqlar. Bu üsuldan bir çox əyalətlərdə istifadə olunur.
Bu gün Əfqanıstanda yalnız isti bölgələrdə universitetlər açılıb.
Paytaxt Kabil də daxil olmaqla soyuq bölgələrdəki universitetlərin fevralın 26-da açılacağı gözlənilir.