Vasif Talıbov 27 ildir tutduğu postdan istefa verib

Vasif Talıbov 27 ildir tutduğu postdan istefa verib
21 Dekabr 2022
Mətni dəyiş

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ali Məclisin iclasında istefa verdiyini açıqlayıb.

Bu barədə yerli media məlumat yayıb.

Xəbəri təsdiqləmək üçün Ali Məclisin üzvü İsa İsayevlə əlaqə saxladıq. O, məlumatı nə inkar, nə də təsdiq edib. Deputat bildirib ki, bu barədə mətbuata açıqlama verə bilməz.

Bundan başqa, məclisin digər üzvü Yazgül Rzayeva da məlumatın doğru olub-olmadığını soruşduğumuz vaxt dəstəyi asıb.

Ali Məclisdən isə heç kim zənglərə cavab verməyib.

Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.

Bir müddətdir Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvanın dövlət idarələrində əməliyyat keçirir. Əməliyyat nəticəsində Naxçıvanın Dövlət Gömrük Komitəsinin müxtəlif rəhbər vəzifəli şəxsləri, maliyyə naziri, Şəhərsalma və Arxitektura Komitəsinin sədri barəsində həbs qətimkan tədbiri seçilib. Onlar bir neçə yüz milyon manatı mənimsəməkdə ittiham olunurlar.

Vasif Talıbov İlham Əliyevin müvafiq sərəncamları ilə müxətlif dövrlərdə "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun