"Üç gündür burdayıq, Volkovdan nə bir xəbər var, nə də bir mesaj"

"Üç gündür burdayıq, Volkovdan nə bir xəbər var, nə də bir mesaj"
14 Dekabr 2022
Mətni dəyiş

Azər Qasımlı: "İcazəli vətənpərvərlik - vətənpərvərlik deyil"


 "Üç gündür burdayıq, Volkovdan nə bir xəbər var, nə də bir mesaj”- Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Məhsəti Hüseynova gileylənir. 

Azərbaycanın bir neçə qeyri-hökumət təşkilatı nümayəndəsi 3 gündür Laçın dəhlizində çadır quraraq Şuşa-Xankəndi yolunu bağlayıblar.   

Onlar Rusiya sülhməramlılarının nəzarətində olan   Xocalı və Xankəndi ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edərək o tərəfə keçmək istəyirlər. Etirazçılar həm də ərazidə olan Rusiya sülhməramlılarının komandanı general-mayor Andrey Volkovdan görüş tələb edirlər. Amma onlara nə görüş verilir, nə də əraziyə keçməyə icazə. 

Aksiyada iştirak edən Məhsəti Hüseynova  AbzasMedia-ya deyir ki, məqsədləri Xankəndidə qızıl və mis-molibden yataqlarına peşəkar ekoloqların keçməsinə icazə almaqdır: 

"Ermənilər humanitar yardımlar üçün ayrılan dəhlizdən böyük avtomobilləri vasitəsilə həmin sərvətləri digər ölkələrə - Kanada, Fransa və digər ölkələrə aparıb, satışını həyata keçirirlər. Qanunsuz, qaydalara uyğun olmayan şəkildə istismar etdiklərinə görə, o yataqların indi nə halda olduqlarını bilmirik. Buna görə də biz oraya keçib monitorinqlər aparmaq istəyirik". 

O əlavə edib ki, aksiyaya başlayanda bu qədər uzun çəkəcəyini düşünmürdülər:

"Əgər sülhməramlıdırlarsa, hər iki dövlətə eyni diqqəti göstərəcəklərini gözləyirdik. Amma məqsədimizə çatmırıqsa, bu aksiyamız müddətsizdir. Ən azından bir nəticə verəcək. Yaxud nəticə vermirsə, o, (oxu: Andrey Volkov) sülhməramlıların komandiri postunu tərk etsin. Çünki o, tutduğu vəzifəni yetərincə yerinə yetirə bilmir. Bizim istəyimiz tam xoşməramlıdır və Azərbaycanın təbii sərvətlərinə sahib çıxmaq üçün monitorinq aparmaqdır. Aksiyamız heç bir siyasi məqsəd daşımır". 

Məhsəti Hüseynova "niyə bu vaxtadək ölkənin digər bölgələrində ekoloji vəziyyətin düzəldilməsi ilə bağlı hökumətdən heç nə tələb etməmələri" haqda digər ekoaktivistlərin təqidlərinə cavab verməkdən yayınıb.

"Ecofront" təşkilatının təsisçisi, ekoaktivist Cavid Qara sosial şəbəkədəki hesabından yazı paylaşaraq etiraz aksiyasını “qurma söhbət” adlandırıb: 

“Orda bu günə qədər ekoloji problemlərlə bağlı narahatlığını dilə gətirən bir adam görmədim. Arvad, uşağı ora yığıb şou göstərməyin adı yoxdur. Heç kəs çörəyi qulağının dibinə yemir. Onlar sadəcə sifarişlə qurulmuş tamaşanın icraçılarıdır. ETSN meşələri, milli parkları, qoruqları satışa çıxaranda, nazirliyin bütün varidatını satışa çıxaranda, meşələri buldozerlər kürüyəndə bu adamları görməmişik. Mədən sənayesindən başı çıxan “ekofəalları” Gədəbəydəki qızıl mədənlərindən sızan toksik suları araşdırmağa çağırmağın heç bir mənası yoxdur”.

Siyasətçi Azər Qasımlı da aksiyanın iddia edildiyi kimi şəxsi təşəbbüs əsasında təşkil edilmədiyini bildirib. O, bu barədə öz sosial şəbəkə hesabında yazıb: 

“Azərbaycan iqtidarı istəməsəydi bu gün Laçın dəhlizinə yığışanlar heç 2 metr də həmin əraziyə yaxınlaşa bilməzdilər. Həmin posta gəlib çıxmaq üçün bir neçə postu keçmək lazım idi. Şuşaya vətəndaşları xüsusi icazə ilə buraxırlar, Bakıda isə adi piket keçirməyə belə icazə vermirlər. Hər şeyin yuxarıdan təşkil olunduğu gün kimi aydındır.

Putin istəməsəydi, Laçın dəhlizinə heç 2 metr da yaxınlaşan olmazdı. Rusiyanın bugünkü aksiyaya göz yumduğu da gün kimi aydındır”. 

Siyasətçinin fikrincə, bu aksiyalar Rusiya sülhməramlıların bölgədəki mövqeyini daha da gücləndirməyə xidmət edir.

“Bu aksiyanın yalnız bir sonucu olacaq: rus sülhməramlı kontingentinin rolu daha da güclənəcək. Qarabağda yaşayan ermənilər ruslara daha çox sarılacaq, bütün dünya dəhlizin bağlanmaması üçün rus əsgərlərinin ən azı yaxın perspektivdə bölgədə qalmasına müsbət yanaşacaq”. 

Azər Qasımlı bildirib ki, hazırda davam edən aksiya Azərbaycanın maraqlarına heç bir şəkildə uyğun deyil:

"İcazəli vətənpərvərlik - vətənpərvərlik deyil. Vətənpərvərlik səmimi olmalı, içdən gəlməli, insanın, insanlığın və ölkənin maraqlarına cavab verməlidir” – deyə Azər Qasımlı yazıb.

Məsələyə ABŞ Dövlət Departamenti də münasibət bildirib. Qurumdan yayılan açıqlamada qeyd edilib ki, Laçın dəhlizinin bağlanması ciddi humanitar fəsadlara səbəb ola bilər:

“Laçın dəhlizinin bağlanmasının ciddi humanitar fəsadları var. Biz Azərbaycan hökumətini dəhlizlə sərbəst hərəkəti bərpa etməyə çağırırıq. İrəliyə yol danışıqlardan keçir” – deyə Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat üçün brifinqdə bildirib.

Fransa Xarici İşlər Nazirliyi də bəyanat yayaraq bildirib ki, dəhlizdə 24 saatdan artıqdır baş verənlərin nəqliyyatın hərəkətinə maneə törətməsindən təəssüf hissi keçirirlər. Bildirilib ki, dəhlizin bağlanması yerli əhali üçün ciddi humanitar nəticələrə səbəb olacaq.

Ermənistan Xarici İşlər Nazirliyi 13 dekabrda bəyanat yayaraq Şuşa-Laçın yolunda son vəziyyətlə əlaqədar Azərbaycan tərəfini ittiham edib.

Ermənistan XİN-in bəyanatına cavab olaraq Azərbaycan XİN-dən bildirilib ki, Ermənistanın əsassız bəyanatını qətiyyətlə rədd edirlər: 

“Ermənistan XİN-in Azərbaycan tərəfini Laçın yolunu bağlamaqda və üçtərəfli bəyanatı pozmaqda ittiham etməsi riyakarlıqdan başqa bir şey deyildir” – Azərbaycan XİN-in cavabında qeyd olunub.

Qurumun bəyanatında həmçinin vurğulanıb ki, Laçın yolunun bağlanması və ərazidə yaşayan erməni sakinlərin humanitar böhran təhdidi ilə üzləşdikləri barədə iddialar reallığı əks etdirmir. Əlavə ediblər ki, dəhlizi azərbaycanlı etirazçılar yox, Rusiya sülhməramlıları bağlayıb. 

Dekabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayaraq bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki yataqlar qanunsuz istismar edilir.

Nazirlik qeyd edib ki, həmin ərazilərdəki faydalı qazıntıların qanunsuz istismarı ekoloji fəsadlara səbəb olur və araşdırılması, ərazinin monitorinqi üçün bölgəyə ekspertlərdən ibarət qrup göndərmək istəyir.

Məsələ ilə bağlı Rusiya Sülhməramlılarının komandanlığı ilə danışıqların aparıldığı deyilsə də, əraziyə keçməklə bağlı mübahisə yaranıb. Qarabağı Ermənistana birləşdirən yeganə avtomobil yolunun fəaliyyəti dayandırılıb. 3 saatlıq danışıqlardan sonra yolun fəaliyyəti bərpa olunub.

Dekabrın 11-də Qarabağdakı separatçı rejim Rusiya sülhməramlı kontingentinin nəzarətində olan mədənlərdə nəzərdə tutulan monitorinqin baş tutmaması haqda açıqlama yayıb.

Bundan sonra Azərbaycanın bir neçə QHT  təşkilatının üzvü sözügedən ərazidə etiraz aksiyası keçirməyə başlayıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun