Tale Bağırzadə aclığının 16-cı günündə aksiyanı dayandırıb

Tale Bağırzadə aclığının 16-cı günündə aksiyanı dayandırıb Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə
12 Dekabr 2022
Mətni dəyiş

O, aclığı dayandırmasına səbəb kimi təzyiqlərin səngiməsini göstərib

Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Tale Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə ilahiyyatçının səhhətində yaranan problemlər və təzyiqlərin səngiməsi səbəbindən  aclığı dayandırdığını bildirib.

L.İsmayılzadə AbzasMedia-ya bildirib ki, həyat yoldaşı ilə telefon danışığında o, səhhətində son günlər yaranan problemlərin artdığını deyib. T. Bağırzadə 16 gündür yüksək hərarətinin olduğunu və mədəsində narahatlıqların yarandığını əlavə edib. Bununla belə o, həbsxanalarda olan problemləri, xüsusi olaraq təhqir və alçaldıcı davranışları diqqətdə saxlayacağını da söyləyib. 

Taleh Bağırzadə yoldaşı vasitəsilə mətbuata göndərdiyi açıqlamada aclıq müddətində ona dəstək göstərən şəxslərə təşəkkürünü çatdırıb.

Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə noyabrın 26-da Qobustan həbsxanasından 12 saylı cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra aclıq aksiyasına başlayıb. O, aksiyaya səbəb kimi  müəssisənin rəis müavininin onu və ailə üzvlərini təhqir etməsini göstərib. 

İlahiyyatçı 2015-ci ildə Nardaranda keçirilən xüsusi əməliyyat zamanı həbs edilib və terrorçuluq, konstitusiya quruluşunu dəyişdirməyə cəhd, qanunsuz silahlı birləşmə yaratmaq və s. ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edilib. O, siyasi məhbus kimi tanınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun