Rasim Məmmədov 14 il azadlıqdan məhrum edildi, əmlakları müsadirə olundu

Rasim Məmmədov 14 il azadlıqdan məhrum edildi, əmlakları müsadirə olundu
28 Dekabr 2022
Mətni dəyiş

Vəkil: “Əgər əmlak bu adamındırsa, necə əmlakı mənimsəyə, israf edə bilər?”

“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədov 14 il il azadlıqdan məhrum edilib. 

Bu barədə dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim Leyla Məmmədova hökm çıxarıb. 

Hökmlə ona məxsus bəzi əmlaklar da müsadirə edilib. 

Rasim Məmmədovun vəkili Zibeydə Sadıqova AbzasMeda-ya açıqlamasında deyib ki, onlar hökmü ədalətli hesab etmirlər:

“Biz hökmü ədalətsiz hesab edirik. Bəraət istəmişdik və çox yaxşı da sübut etmişdik ki, nə üçün bəraət verilməlidir. Bizim indiyə qədər heç bir vəsatətimiz təmin edilmədi. Əgər məhkəmə ədalətli olsaydı, bizim qaldırdığımız vəsatətləri təmin edib, bizim istədiyimiz şəxslərin şahid kimi dindirilməsinə, sənədlərin araşdırılmasına şərait yaradardı. Bunları edərdilər və deyərdilər ki, sizin qaldırdığınız vəsatətləri təmin etdik, ancaq bunu etmədilər. Biz dedik ki, Rasim Məmmədov "Baku Steel Company"nin mülkiyyətçisidir, oranı alqı-satqı yolu ilə əldə edib və bunun əksi nə istintaqda, nə də məhkəmədə sübut olunmayıb. Belə olan halda o, Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsində ittiham olunmamalı idi. Əgər əmlak bu adamındırsa, necə əmlakı mənimsəyə, israf edə bilər? Ona görə də biz hesab edirik ki, bu çox ədalətsiz qərardır və hökmdən apellyasiya şikayəti verəcəyik” – deyə Rasim Məmmədovun vəkili Zibeydə Sadıqova bildirib.

Prokuror Rasim Məmmədova 15 il həbs cəzası istəmişdi.

İttiham aktına əsasən, Rasim Məmmədov ümumilikdə 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib. Onun barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun