Prezidentin təsdiq etdiyi proqram icra olunmayıb - "hüquq klinikaları" yaradılmayıb

Prezidentin təsdiq etdiyi proqram icra olunmayıb - "hüquq klinikaları" yaradılmayıb
20 Dekabr 2022
Mətni dəyiş

Tələbələrin hüquqlarını qorumaq üçün universitetlərdə yaradılmalı olan "klinikalar" mövcud deyil

Qərbi Kaspi Universitetinin 2-ci kurs tələbəsi Fidan Muradlı deyir ki, universitetdə hüquqi problem yaşayanda müraciət etmək üçün bir qurum tapmır. 

O misal çəkir ki, ötən il dekanlıqla bağlı problem yaşayanda kimə müraciət edəcəyini bilməyib:

“Mən özüm qarşılaşdığım bir problemlə bağlı Elm və Təhsil Nazirliyinə yazdım və nazirlik də mənim məktubumu yenidən universitetə göndərdi. Dekanlıqla bağlı şikayət idi. Bundan sonra dekan məni çağırdı və hədə-qorxu gəldi ki, artıq imtahanlarda sənə güzəşt olunmayacaq. Mən bir vəzifə sayılmasa da, qrup nümayəndəsi idim. Mənə dedilər ki, sən artıq qrup nümayəndəsi də deyilsən. Dedi, "bir də dekanlığa girmə, nəsə sözün olsa, yeni təyin edəcəyimiz qrup nümayəndəsi ilə danış" və s. Bu, hüquqi pozuntu idi. Problem olduqda Elm və Təhsil Nazirliyinə müraciət etmək mənim haqqım idi, etdim, problemi həll etmək əvəzinə mənə hədə-qorxu gəlməyi seçdilər”.
Tələbə Fidan MuradlıTələbə deyir ki, əgər universitetdə təhsil alanların hüquqlarının qorunması ilə bağlı bir qurum olsa, ora müraciət edib, bu məsələni daha rahat və sakit həll edə bilərdi.

Prezident İlham Əliyev insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədi ilə 27 dekabr 2011-ci ildə Milli Fəaliyyət Proqramını imzalayıb. Proqrama əsasən ali təhsil müəssisələrində "hüquq klinikaları" yaradılmalı idi.

Proqramda deyilirdi ki, bu klinikalar tələbə və müəllimlərin, eləcə də digər şəxslərin hüquqlarının müdafiəsi, onlarla hüquqi marifləndirilmə işləri aparmaq üçün yaradılır. Proqram 2015-ci ilə qədər icra olunmalı idi.

Bu planın icrasına məsul olan Elm və Təhsil Nazirliyi sorğumuza cavab olaraq deyib ki, bununla bağlı universitetlərə müraciət edək. Nazirlik sorğumuzu cavablandırmaqdan imtina edib.

AbzasMedia universitetlərin mətbuat xidmətlərindən onlarda "hüquq klinikaları"nın olub-olmaması ilə bağlı maraqlanıb.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov deyib ki, onların universitetində “hüquq klinikası” adlı şöbə yoxdur, ancaq hüquq şöbəsi var.

“Bu hüquq şöbəsi universitetin, müəllimlərin, tələbələrin hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərir. Ola bilər ki, orda olan hüquqşünaslar fərdi qaydada digər şəxslərə də hüquqi dəstək göstərirlər, amma şöbə birbaşa universitetin daxili ilə məşğuldur”.

Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Şəhanə Müşviq deyib ki, ADMİU-da "hüquq klinikası" və bu cür şöbə yoxdur:

“Tələbə və əməkdaşların hüquqları ilə əlaqədar, ancaq universitetin hüquqşünasına müraciət edilə bilər. O, müvafiq yardım, məsləhət və məlumatlar verir, lazımi dəstəyi göstərir”.

Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova deyib ki, onun məlumatına görə, universitetlərində belə bir "hüquq klinikası" yoxdur.

Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Elnarə Məmmədova da deyib ki, belə bir klinikanın olması ilə bağlı məlumatsızdır.

Təhsil eksperti Vüsal Kərimli deyir ki, qeyd olunan proqram reallaşmayıb. Onun sözlərinə görə, tələbə və müəllimlərin hüquqlarının qorunması ilə bağlı ümumiyyətlə iş görülməyib:

“Bu günə qədər olan müddətdə məsələn, imtahanlarda hansısa köçürmə halları və ya digər pozuntu olsaydı, tələbə necə, hansı qanunla cəzalandırılacaqdı, bununla bağlı heç nə yoxdur. Universitetlər iddia edirlər ki, bununla bağlı məsələlər daxili nizamnamədə qeyd olunub, ancaq bunlar ümumi sözlərdir. Bu, tələbələrin hüquqlarının pozulması halıdır” – deyə o əlavə edib.

Təhsil eksperti deyir ki, müəllimlərin hüquqlarının pozulması halı ilə bağlı da məsələlər var.

“Məsələn, Azərbaycan universitetlərində professor-müəllim heyətinin iş saatı minimal rəqəmlərlə 18 saatdır. Amma bu da artırılıb, 22-25 saata kimi dərs deməlidirlər. Hansı ki, Türkiyədə bu 10 saatdır, ancaq müəllim istədiyi təqdirdə 18 saat ola bilər. Universitet ona 10 saat üzərində olan əlavə dərsə görə də vəsait ödəyir. Bizim qanunla isə bu tənzimlənmir. Universitetlərdə belə hüquqi mərkəzlərin olması onun üçün idi ki, müəllim və tələbələrin hüquqları qorunsun, amma əfsuslar olsun ki, bu olmadı” – deyə təhsil eksperti Vüsal Kərimli bildirib.

Universitetlərdə "hüquq klinikaları"nın yaradılması üçün dövlət büdcəsindən nə qədər vəsaitin ayrıldığı barədə rəsmi qurumlardan cavab ala bilmədik.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun