Prezident "Paşa Holdinq"in keçmiş işçisini Naxçıvana səlahiyyətli nümayəndə təyin etdi

Prezident "Paşa Holdinq"in keçmiş işçisini Naxçıvana səlahiyyətli nümayəndə təyin etdi
22 Dekabr 2022
Mətni dəyiş

Naxçıvanda bütün dövlət qurumları prezidentin səlahiyyətli nümayəndəsi ilə əlaqələndirilmiş şəkildə işlərini qurmalıdırlar 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bir neçə səlahiyyəti ləğv olunub. 

Bununla bağlı Prezident İlham Əliyevin  "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə bu gün imzaladığı fərmanda qeyd edilib. 

Əsasnamənin əvvəlki variantında qeyd olunmuşdu ki, yerli icra hakimiyyətinin başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır. Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırıqlarını yerinə yetirir.

Dəyişiklikdən sonra isə yerli icra hakimiyyətinin başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə prezident qarşısında şəxsən məsuliyyət daşıyır və onun tapşırıqlarını yerinə yetirəcək.

Digər dəyişikliklə sənədin 3.1.22-ci yarımbəndinin ikinci cümləsi çıxarılıb. Fərmanın müvafiq bəndinin ikinci cümləsi isə belə idi: "Naxçıvan Muxtar Respublikasında isə yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətləri haqqında ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müəyyən etdiyi müddətlərdə ona hesabat verirlər".

Bunun ardınca prezidentin növbəti fərmanı ilə Naxçıvan Muxtar Respublikasında prezident İlham Əliyevin səlahiyyətli nümayəndəliyi təsis edilib.

Sənədlə Naxçıvan MR-də səlahiyyətli nümayəndəliyə elə prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa ona tabe olan səlahiyyətli nümayəndə rəhbərlik edəcək.

Mərkəzi, yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada işlərin qurmalıdırlar.

Fuad Nəcəfli Naxçıvanda prezidentin səlahiyyətli nümayəndəsi təyin edilib. Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Fuad Nəcəfli bundan əvvəl “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) Müşahidə Şurasında üzv olub. O, STP MMC-dən əvvəl "Paşa Holdinq” MMC-nin əməkdaşı kimi çalışıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun