Muxtar Respublikanın Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib
13 dekabrda Səbail rayon məhkəməsi Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov barəsində həbs-qətimkan tədbiri seçib. Bu müddət 10 fevral 2023-cü ilə qədər davam edəcək.
Məlumatı Səbail rayon Məhkəməsinin hakim köməkçisi Əlirza Azəroğlu AbzasMedia-ya təsdiqləyib. O bildirib ki, Hicran Rüstəmov Cinayət Məcəlləsinin 179.4-cü ( külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham olunur.
Bu maddə üzrə mənimsənilən vəsaitin həcmi barədə suala hakim köməkçisi "istintaq sirri daşıdığı üçün" məlumat verə bilməyəcəyini bildirib.
APA-nın yaydığı xəbərə görə Hicran Rüstəmov ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün ayrılan 212 milyon 361 min manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. Bu məlumat hələ ki, nə təkzib, nə də təsdiq olunub.
Hicran Rüstəmov Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə həbs edilib. Həmin iş üzrə daha əvvəl Naxçıvanın Dövlət Gömrük Komitəsinin müxtəlif rəhbər vəzifəli şəxsləri və NMR Maliyyə naziri məsuliyyətə cəlb edilərək barələrində həbs-qətimkan tədbiri seçilib.