Mədəniyyət naziri Anar Kərimov vəzifəsindən azad edildi

Mədəniyyət naziri Anar Kərimov vəzifəsindən azad edildi
22 Dekabr 2022
Mətni dəyiş

Mədəniyyət nazirinin vəzifəsini icra etmək Adil Kərimliyə tapşırıldı 

Prezident İlham Əliyev 22 dekabrda imzaladığı sərəncamla mədəniyyət naziri Anar Kərimovu vəzifəsindən azad edib. 

Prezident bu gün imzaladığı yeni sərəncamla Adil Kərimlini mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edib. Sərəncamda bildirilir ki, mədəniyyət naziri postuna təyinat olana qədər bu vəzifəni Adil Kərimli müvəqqəti icra edəcək. 

Adil Kərimli bu vaxta qədər Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsində çalışırdı. O, prezidentin bu gün imzaladığı sərəncamla həmin vəzifədən azad edilib. 

İşdən azad edilən Anar Kərimov isə nazir vəzifəsinə 2021-ci ilin 5 yanvar tarixində gətirilmişdi. 

2022-ci il noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının Mədəniyyət Nazirliyində əməliyyat keçirdiyi ilə bağlı yerli media xəbər yaydı. Həmin vaxt bu xəbər nə təsdiq, nə də təkzib olundu. Bundan sonra nazirin birinci müavini Elnur Əliyev vəzifəsindən azad edildi. 

4 noyabrda E.Əliyev Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə (külli miqdarda mənimsəmə və ya israf etmə) ittiham olunaraq barəsində yaşayış yerini tərk etməmək qətimkan tədbiri seçildi. 

Nazirin birinci müavini ilə bərabər nazirliyin Təchizat və Əmlak şöbəsinin müdiri İlkin Nəsibov və Protokol Şöbəsinin rəisi Kamil Rzayev də istintaqa cəlb olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun