Etirazlar zamanı 121 azərbaycanlı həbs edilib
16 sentyabrdan bəri İranda başlayan etiraz dalğasında 13 nəfər azərbaycanlı güllələnib, 121 nəfər həbs olunub. Bu barədə İrandan olan azərbaycanlı mühacirlər yayımladıqları hesabatda yazıblar. Hesabat bu ilin sentyabr-oktyabr aylarını əhatə edir.
Azərbaycanlılar İranda ən böyük etnik qrupdur. İranda hicaba qarşı aksiyalar başlayanda azərbaycanlıların yaşadığı bölgələrdə də etirazlar baş verib.
Etirazlar başlayandan sonra azərbaycanlıların itkilərini hesablamaq qrup üçün asan olmayıb. Onlar dəfn videoları, ailə üzvlərinin ifadələri, hüquq müdafiəçilərinin araşdırmaları və qurbanların sosial media profilləri üzərindən məlumatlar əldə edə biliblər.
"Etiraz aksiyaları zamanı Mehrdad Qurbani və Mehdi Musəvi 21 sentyabr 2022-ci il çərşənbə günü rejim qüvvələri tərəfindən güllələnib. Yerli xəbərlər Mehdi Musəvinin 5 atəş, başına və bədəninə vurulmuş çoxsaylı dəyənək zərbələri nəticəsində öldürüldüyünü təsdiqləyib. Mehdi Musəvi güllələnərkən cəmi 16 yaşında idi. Mehdi Musəvinin cənazəsi xəstəxanadan birbaşa Zəncanın Beheşt Zəhra qəbiristanlığına aparılıb, yaxınları və digər Zəncan vətəndaşlarının iştirakı olmadan, yalnız bir neçə ailə üzvünün iştirakı ilə dəfn edilib. Təhlükəsizlik orqanları Mehdi Musəvinin ailəsinin onun polis əməkdaşları tərəfindən öldürüldüyünü bildirəcəyi təqdirdə digər ailə üzvlərini də həbs edəcəkləri və “aradan qaldıracaqları” ilə hədələyiblər"- hesabatda qeyd olunub.
Həbs olunanların içərisində vəkil, tələbə, aktyor, rejissor var. Onlardan bəziləri zamin qarşılığında məhkəmə prosesinin sonuna qədər həbsdən azad edilib. Həbs edilənlərin bəziləri haqqında isə ümumiyyətlə məlumat əldə etmək mümkün olmayıb.
"Oktyabrın 5-də Firuz Moini Ərdəbildə iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bu fəal həbs zamanı şiddətli döyülüb. Cənab Moininin sol gözü görmə qabiliyyətini itirib. Onun sol ayağı və əlləri ağır xəsarət alıb. Onun həbsinin səbəbləri ilə bağlı heç bir məlumat dərc olunmayıb"- hesabatda yazılıb.
İranda baş verən etirazlar sentyabrın 14-də Tehran şəhərinin “əxlaq polisi”nin 22 yaşlı Məhsa Əminini həbs etməsi və gənc qızın iki gün sonra xəstəxanada vəfat etməsi ilə baş qaldırıb.
Polis Məhsanın infarkt keçirdiyini iddia edib, amma Məhsanın əmisi müsahibəsində onun ürək xəstəliyini "uydurma" adlandırıb və tamamilə sağlam olduğunu söyləyib.
İranın bir çox ərazisində olduğu kimi, Azərbaycan bölgəsində də məcburi hicab siyasətinə qarşı nümayişlər başlayıb, sistematik gender bərabərsizliyinə və əxlaq polisinin qadınlara qarşı zorakılığına etiraz edilib.