İlham Əliyev: "BMT-də bizə qarşı təxribat hazırlanır"

İlham Əliyev: "BMT-də bizə qarşı təxribat hazırlanır" president.az
25 Dekabr 2022
Mətni dəyiş

Ölkə başçısı azərbaycanlıları Ermənistana gətirmək üçün “Qayıdış Konsepsiyası” üzərində işlədiklərini deyib

“Qərbi Azərbaycan (Ermənistan) bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr və bizim tariximiz təsdiq edir”- Əliyev bu sözləri şənbə günü Qərbi Azərbaycan İcmasında çıxışı zamanı deyib. 

İ. Əliyev çıxışında 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin İrəvanı Ermənistana güzəştə getməsini "xəyanət" adlandırıb:

“Bu, bağışlanmaz addım idi, vətənə xəyanət və cinayət idi. Bunu hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik” - Əliyev deyib.

Əliyev Ermənistanı tənqid edərək bildirib ki, "onlar hələ də ümid edirlər ki, onların əvəzinə kimsə gəlib bizə qarşı müharibə aparacaq". 

Bir sıra Qərb ölkələri Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə marşrut olan Laçın dəhlizinin bağlanmasına görə Azərbaycanı qınayıblar.

Əliyev BMT-də Azərbaycana qarşı yeni cəhdlərin ola biləcəyini və hazırlıqların getdiyini bildirib:

“Bu gün Laçın yolunda baş verənlər növbəti anti-Azərbaycan isterikasına səbəb olub. Burada təkcə Ermənistan deyil, bəlkə də onlardan daha çox xaricdəki himayədarları, onların arxasında duran dövlətlər yenidən Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıblar və BMT-də bizə qarşı növbəti təxribat hazırlanır”- deyib.

Əliyev il boyu baş verən önəmli hadisələrdən danışarkən bildirib ki, "Azərbaycan-Ermənistan sərhədində məcburən hərbi əməliyyat keçirməli olduq":

“Bu gün biz Göyçə gölünü (Sevan gölünü) durbinsiz görürük. Birincisi, bunun ədalətli olduğunu düşünürəm. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda istər iqtidarda, istərsə də müxalifətdə revanşist qüvvələr var”.

O, daha sonra azərbaycanlıları Ermənistana gətirmək üçün “Qayıdış Konsepsiyası” üzərində işlədiklərini, prosesin sülh yolu ilə keçəcəyini bildirib:

“Gün gələcək ki, Qərbi Azərbaycandan olan soydaşlarımız, onların qohumları, övladları, nəvələri tarixi torpağımız olan Qərbi Azərbaycana qayıdacaqlar”.

Ermənistan XİN bildirib ki, Əliyevin sözləri “bir daha onu göstərir ki, bu dövlətin rəhbərliyi Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında heç bir şəkildə maraqlı deyil”.

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun