Şuşa-Xankəndi yolu 4 gündür bağlıdır
"Azərbaycan Dağlıq Qarabağı xarici aləmə bağlayan yeganə yol olan Laçın dəhlizinin blokadasını dayandırmalıdır"- “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı yaydığı bəyanatda bildirib.
Təşkilat həmçinin qeyd edib ki, “Azərbaycanın Dağlıq Qarabağa qaz təchizatını növbəti dəfə dayandırmasından” narahatdır. Onlar Azərbaycan hökumətini rayon sakinlərinin qaz təchizatını fasiləsiz bərpa etməyə çağırıb:
"Biz ATƏT-in Minsk Qrupu ölkələrini və noyabrın 10-da üçtərəfli bəyanatın tərəflərini Dağlıq Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyini, o cümlədən hərəkət azadlığını təmin etmək üçün bütün lazımi addımları atmağa çağırırıq”- bəyanatda deyilib.
Dekabrın 12-də səhər saatlarından Azərbaycanın bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.
Aksiya iştirakçıları 4 gündür Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.
Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.
Yolun açılması tələbinə qarşı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, yolu aksiyaçılar yox, Rusiya sülhməramlıları bağlayıb.
Azərbaycanda digər ekoaktivislər, müxalif siyasi kəsim Şuşa-Xankəndi yolunu bağlayan şəxslərin hökumət tərəfindən ora göndərildiyini iddia edirlər. Onlar ölkənin digər ərazilərində baş verən ekoloji problemlərlə bağlı bu QHT nümayəndələrinin yerli hökumətdən heç vaxt, heç nəyi tələb etmədiyini bildirirlər.