Ekspert: "Şahmar Mövsümov və digərləri bizə iqtisadi inkişaf nağılları danışmaqda davam edirlər"

Ekspert: "Şahmar Mövsümov və digərləri bizə iqtisadi inkişaf nağılları danışmaqda davam edirlər"
28 Dekabr 2022
Mətni dəyiş

Şahmar Mövsümov: "Prezident deyib ki, sahibkarlar vergiləri tam ödəsinlər, başqa heç bir quruma və yaxud şəxsə pul verməsinlər"

Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün keçirilən "Dayaq" mükafatının təqdimat mərasimində bildirib ki, sahibkarlıq üzərində inzibati təzyiq əhəmiyyətli dərəcədə azaldılıb.

O əlavə edib ki, dövlət sahibkarlığın inkişafına texniki, maliyyə və intellektual dəstək göstərir:

"Prezident çıxışlarında qeyd edib ki, bəzi hallarda dövlət məmurları bunu başa düşmür və yerli icra orqanlarının rəhbərləri, nümayəndələri biznesin inkişafına imkan vermir, belə adamlara qarşı çox ciddi tədbirlər görüləcək. Nəticələr göstərir ki, artıq sahibkarlq subyektlərində aparılan yoxlamalar və atılan addımlar öz səmərəsini verir. Üçüncü istiqamət, dövlətin dəstəyi müqabilində sahibkarın şəffaf fəaliyyət göstərməsidir. Prezident deyib ki, sahibkarlar vergiləri tam ödəsinlər, başqa heç bir quruma və yaxud şəxsə pul verməsinlər".

İqtisadçı-ekspert Nazim Bəydəmirli AbzasMedia-ya deyir ki, artıq müəssisələrin gəlir və zərərlərlə bağlı hesabatları nəzərə alınmağa başlayıb, əsassız tələblər demək olar ki, ləğv olunub, qanunvericilikdə dəyişiklik edilib, ancaq bu da problemləri hələ də tam həll etməyib:

“Qanunlar nə qədər təkmil olsa da, onların icrası ilə bağlı kifayət qədər problem mövcuddur. Problem ondan qaynaqlanır ki, Azərbaycanda sahibkarlıq dedikdə məmur sahibkarlığı nəzərdə tutulur. Onlar üçün dövlət demək olar ki, hər şeyi edir. Sahibkarlığa kömək üçün nəzərdə tutulan fondlardan böyük kreditləri məmur sahibkarlığı alır, daxili istehsalda və idxalda inhisarçılıq yaradırlar, məmurların biznesə müdaxiləsi yenə də böyük həddədir” – deyə o, əlavə edib. 

Nazim Bəydəmirli deyir ki, işdən çıxarılan məmurların yüz milyonlarla vəsaiti, milyardlıq mülkləri ortaya çıxır.

O hesab edir ki, bu halda biznes mühiti təkmilləşib, inkişaf edib demək doğru deyil:

“Şahmar Mövsümov özü gözəl bilir. Elə onun yaxınlarının güzəştli şərtlərlə yüz milyonlarla kredit aldığı mətbuata sızmışdı. Məmur biznesi inkişaf edib, inkişaf etməkdə davam edir, inhisarçılıq, monopoliya da inkişaf edir. Məmurlar hələ də dövlət resurslarını öz şəxsi resursları kimi istifadə etməkdə davam edirlər. “Dövlət Satınalmaları Haqqında” Qanun icra olunmur, tenderlər kağız üzərində keçirilir. Bu gün dövlətin büdcə təşkilatları rəsmi olaraq sahibkarlıqla məşğul olur. Bu da "Antiinhisar fəaliyyəti haqqında" Qanuna ziddir. Şahmar Mövsümov və digərləri bütün bunları bilə-bilə bizə iqtisadi inkişaf nağılları danışmaqda davam edirlər. Çünki dövlət hələ də bazar iqtisadiyyatı şəraitində aparıcı rol oynayır. Bu da liberal bazar dəyərlərinə ziddir” – deyə Nazim Bəydəmirli bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun