"Bəxtiyar ev dustaqlığına buraxılsa, bəlkə aclığı dayandırar"

"Bəxtiyar ev dustaqlığına buraxılsa, bəlkə aclığı dayandırar" Foto: sosial media
18 Dekabr 2022
Mətni dəyiş

Vəkil: “Şəxsin huşu özündə olanda məcburi qidaya cəlb oluna bilməz”

İctimai fəal Bəxtiyar Hacıyev artıq 4 gündür ki, Bakı İstintaq Təcridxanasında aclıq edir. O, azadlığa buraxılmasını və onunla bağlı başladılan cinayət işinə xitam verilməsini istəyir.

Hacıyevin dostu Rail Abbasov AbzasMedia-ya deyir ki, vəkili ictimai fəalla 2 gündür görüşmür, ona görə də Bəxtiyar Hacıyevin səhhəti ilə bağlı vəziyyətin hazırda necə olduğunu bilmir.

O deyir ki, Bəxtiyar inadcıldır və aclığı sonuna qədər davam etdirəcək:

“Onun hansısa bir yanaşı xəstəliyi yox idi, ancaq bütün hallarda aclığı axıra qədər davam etdirəcək. O, qanunsuz həbsinə etiraz edir. Düşünürəm ki, onunla bağlı müsbət addım atılsa, aclığı dayandıra bilər. Məsələn, ev dustaqlığına buraxılsa, bəlkə dayandırar”.

Vəkil Elçin Sadıqov deyir ki, həm həbsxananın daxili əsasnaməsinə görə, həm də “Həbsdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsi haqqında” qanuna görə, aclıq aksiyasına başlayan şəxs daim həkim nəzarətində olmalıdır.

Onun sözlərinə görə, şəxsin tibb müəssisəsinə köçürülməsi isə onun birbaşa səhhətilə bağlı olur:

“Təbii ki, səhhəti pisləşsə, müalicəyə ehtiyac yaransa, tibb müəssisəsinə köçürülə bilər. Ancaq şəxs o halda məcburi yedizdirilə bilər ki, huşu özündə olmasın. Huşu özündə olana qədər şəxsin məcburi yedizdirilməsinə qanun icazə vermir” – deyə vəkil Elçin Sadıqov bildirib.

İctimai fəal B. Hacıyev Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham olunur.

9 dekabrda Xətai rayon Məhkəməsi ictimai fəal haqqında 50 gün müddətinə həbs-qətimkan tədbiri seçib. 15 dekabrda keçirilən Apellyasiya Məhkəməsi də qərarı dəyişməyərək fəalı həbsdə saxlayıb. Həmin gün Bəxtiyar Hacıyev həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.

Bəxtiyar Hacıyev həbsinin ictimai-siyasi fəaliyyətinə görə olduğunu və bununla onu işindən kənarlaşdırmağa çalışdıqlarını deyib.

Beynəlxalq təşkilatlar fəalın həbsi ilə bağlı narahatlıqlarını dilə gətiriblər. “Amnesty International”, ABŞ-ın Azərbaycandakı səfirliyi, ABŞ Dövlət Departamenti, o cümlədən Avropa İttifaqının xarici işlər üzrə sözçüsü Peter Stano Azərbaycan hakimiyyətini ictimai fəal Bəxtiyar Hacıyevin dərhal azadlığa buraxılmasına çağırıblar.

Hökumətdən B. Hacıyevin həbsi ilə bağlı heç bir şərh verilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun