Qruplaşmada istefada olan hərbçilər və keçmiş xüsusi təyinatlılar yer alır
Almaniya polisinin ölkəboyu keçirdiyi reydlərdə hökuməti devirməyə cəhddə şübhəli bilinən 25 nəfər saxlanılıb.
Almaniya mətbuatının məlumatına görə, ifrat sağçılar və istefada olan hərbçilərdən ibarət qrup Reyxstaq - Bundestaq binasına basqın edərək administrasiyanı ələ keçirməyi planlaşdırıb.
Çevriliş planlarının mərkəzində “13-cü Şahzadə Henrix” kimi tanınan 71 yaşlı şəxsin olduğu bildirilir.
Prokurorlar onun 11 bölgədə reydlər zamanı saxlanılan iki qrup liderindən biri olduğunu deyirlər.
Çevrilişi planlaşdıranlar arasında zorakı hərəkətləri və irqçi konspiroloji nəzəriyyələr səbəbiylə alman polisinin izlədiyi ifrat sağçı “Reyxbürger Hərəkatı (Reyx Vətəndaşları)” üzvlərinin də olduğu bildirilir.
Müasir Alman dövlətini tanımayan 50 nəfərlik qrupun respublikanı idarə etmək və 1871-ci il Almaniya İmperiyasından (2-ci Reyx) nümunə götürülmüş dövlət qurmaq istədiyi iddia edilir.
Əməliyyatların böyük bir hissəsi ölkə daxilində keçirilsə də, Avstriya və İtaliyada da iki nəfərin həbs edildiyi açıqlanıb.
Federal Prokuror qruplaşmanın 2021-ci ilin noyabrından dövlət çevrilişinə cəhd etdiyini bildirib.
Qruplaşmada istefada olan hərbçilər və keçmiş xüsusi təyinatlılar yer alır.