Putin bildirib ki, sülh müqaviləsi haqqında danışmaq hələ tezdir
Ötən gün Soçidə keçirilən üçtərəfli görüşün yekunu olaraq Rusiya, Ermənistan və Azərbaycan liderləri birgə bəyanat qəbul ediblər.
Bəyanatda deyilir ki, Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların icrasını müzakirə ediblər. 2021-ci ildə Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşdırılması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi maraqları naminə bütün bu sazişlərə ciddi əməl etməyə sadiq olduqlarını bir daha təsdiq ediblər.
Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Rusiya Prezidenti Vladimir Putin deyib ki, Ermənistanla Azərbaycan arasında gələcək sülh müqaviləsi hər iki tərəfin əldə etməli olduğu kompromislərin nəticəsi olacaq:
“Sülh müqaviləsi hələ ki, yoxdur və burada sənədin əsas komponentləri haqqında danışmaq hələ tezdir, çünki bu, kompromislərin mövzusudur. Şübhəsiz ki, razılaşma hər iki tərəfin vasitəçiliyi ilə əldə edilməlidir” - deyə Putin bildirib.
“Razılaşma əldə edilməyən məsələlərə gəlincə, bu barədə danışmaq lazımdırmı? Olar, amma lazım deyil. Çünki onlar hələ həll olunmayıbsa, mənim fikrimcə, mətbuatın və ictimaiyyətin diqqətini onlara yönəltməyə ehtiyac yoxdur, sadəcə olaraq bağlı qapılar arxasında sakitcə razılığa gəlmək lazımdır. Bunlar çox incə şeylərdir, hər iki tərəf üçün həssasdır və mən özümü tərəfdaşlarımın razılığı olmadan bunları açıqlamaq hüququna malik hesab etmirəm” - Putin əlavə edib.
Prezident qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası üçün ilkin şərtlər razılaşdırılıb.
“Sülhməramlılara gəlincə, bu, münaqişəyə son qoyulan 2020-ci ilin noyabrında birgə bəyanatımızda qeyd olunub. Bura əlavə ediləcək bir şey yoxdur. Bu haqda danışdıq. Amma bunun üçün bizim birgə razılaşmamız lazımdır” – Putin bildirib.
Putinin sözlərinə görə, Rusiya sülhməramlılarının mandatının uzadılması qərarı digər məsələlərdən - sülh müqaviləsinin mümkün bağlanmasından və Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyasından asılıdır.
İlham Əliyev isə deyib ki, indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib.
İlham Əliyev Putinə artıq Qarabağ münaqişəsinin tarixdə qaldığını deyib:
“O, iki il bundan əvvəl həll edilib. Buna görə də burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır”- İlham Əliyev bildirib.