Milyarder Fərhad Əhmədov DTX-da dindirilib

Milyarder Fərhad Əhmədov DTX-da dindirilib
22 Noyabr 2022
Mətni dəyiş

Mətbuat katibi iş adamının şahid qismində dindirildiyini desə də, bunun hansı işlə bağlı olduğunu açıqlamayıb

“Fərhad Əhmədov DTX-da dindirilib. Bu, DTX-nın məsələsidir və açıqlanması uyğun görülmür. Olub elə bir şey, amma mövzusunu deyə bilmərəm”- milyarder Fərhad Əhmədovun mətbuat katibi Müşfiq Əlizahid AbzasMedia-nın suallarına cavabında bu sözləri deyib. 

Mətbuat katibi milyarderin hazırda öz işinin başında olduğunu söyləyib. O əlavə edib ki, iş adamı haqda heç bir cinayət işi açılmayıb və istintaq da yoxdur: 

“O, sadəcə dəvət olunub. Yəqin ki, şahid qismində çağırılıb. Cinayət işi açılmayıbsa, təqsirləndirilən şəxs qismində dəvət edilə bilməz. Detalları açıqlamaq istəmirəm, çünki bu, DTX-nın işidir”.

Mətbuat katibi Fərhad Əhmədovun hansı işlə bağlı şahid qismində çağırıldığını isə açıqlamayıb.

Yerli media bu gün F. Əhmədovun Rusiyaya casusluq etməkdə şübhəli bilindiyi üçün saxlanıldığını iddia edib. Bununla yanaşı, milyarderdən Azərbaycanı tərk etməmək barədə yazılı öhdəliyin alındığı da qeyd olunub. 

Mətbuat katibi KİV-də gedən xəbərləri yalanlayıb və milyarderin ölkədən çıxışına heç bir qadağanın olmadığını bildirib.

Mətbuat katibi bildirib ki, dindirilmə ilə yanaşı, milyarderin Bakı, Göyçay və İsmayıllı rayonlarındakı obyektlərində axtarışlar aparılıb.

Dövlət Təhlükəsizlik Xidmətindən məsələ ilə bağlı açıqlama almaq mümkün olmayıb. 

Fərhad Əhmədov Göyçay rayonunda yerləşən “Aznar” meyvə şirəsi zavodunun sahibidir. İş adamı 2022-ci il üçün "Forbes"-də rusiyalı milyarderlərin siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.

Fərhad Əhmədov 2022-ci ilin aprelində Avropa İttifaqı və Böyük Britaniyanın sanksiya tətbiq etdiyi rusiyalı zənginlərin siyahısında yer alır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun