Müxalifət partiyası 6 meyar müəyyənləşdirib ki, onlardan üçünə cavab verən şəxs oliqarx sayılacaq
Gürcüstanın ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat (VMH) hakim Gürcü Arzusu Partiyasının parlamentə təqdim etdiyi layihəyə qarşı çıxmaq üçün anti-oliqarxiya qanunu irəli sürüb.
Belə ki, hakim "Gürcü Arzusu"nun anti-oliqarxiya qanunu noyabrın 16-da parlamentdə ikinci oxunuşda qəbul edilib, ilin sonuna kimi yekun səsverməyə çıxarılacağı gözlənilir.
Hakim partiya oliqarxı onların sərvətinə, siyasi və media təsirinə, inhisarçı biznesdən faydalanmasına əsaslanaraq müəyyən edir.
Bundan əlavə, əgər şəxsin gəlirləri sıravi vətəndaşın orta aylıq gəlirindən milyon dəfə çoxdursa, o, oliqarx sayılır.
Hakim partiyanın anti-oliqarxiya layihəsində indiyə qədər ən böyük mübahisə olunan məqam onun 2021-ci ilin yanvarında rəsmi olaraq siyasəti tərk edən Bidzina İvanişviliyə şamil olunmayacağıdır.
"Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze daha əvvəl İvanişvilinin oliqarx olmadığını və onun partiyasının qanun layihəsinin xüsusi olaraq keçmiş prezident Mixail Saakaşvili və keçmiş müdafiə naziri Davit Kezeraşvili kimi şəxsləri hədəf aldığını vurğulayıb.
Müxalifət fraksiyaları hazırda parlamentdə müzakirə olunan “Gürcü Arzusu”nun təşəbbüsü ilə hazırlanan qanun layihəsinin hakim partiyanın qurucusu milyarder Bidzina İvanişvilidən yan keçməklə müxalifət partiyalarına təsir edə biləcəyindən narahatdırlar.
Müxalifət partiyası olan VMH öz layihəsini bazar günü parlamentə təqdim edib.
VMH qanun layihəsində oliqarx üçün altı meyar ortaya qoyub. Təklif edilir ki, onlardan ən azı üçünə cavab verən hər kəs oliqarx sayılsın.
Altı meyar:
- "Birbaşa və ya dolayısı ilə" siyasi fəaliyyət göstərən şəxs;
- Ailə üzvləri dövlət və ya siyasi vəzifə tutan şəxs;
- “Birbaşa və ya dolayısı ilə ... mediaya əhəmiyyətli təsir göstərən” şəxs;
- Öz sektorunda dominant mövqeyə malik olan şəxs;
- Aktivləri Gürcüstanın ÜDM-nin 0,35 faizini (təxminən 65 milyon dollar) aşan və ya ailəsi Gürcüstan torpaqlarının 7 faizindən çoxuna sahib olan biri;
- Hər hansı bir NATO və ya Aİ ölkəsi və ya qurumu tərəfindən sanksiyalara məruz qalan şəxs.
VMH-in qanun layihəsinə görə, bir şəxsin oliqarx kimi tanınması parlamentin yalnız 1/5-nin təsdiqini tələb edir, lakin bundan sonra Konstitusiya Məhkəməsi tərəfindən də təsdiqlənməlidir.
Bunun əksinə olaraq, “Gürcü Arzusu”nun qanun layihəsi isə oliqarxların reyestrinə bir şəxsin və onun qohumlarının əlavə edilməsi üçün deputatların səs çoxluğu tələb olunur.
İyunun 9-da Avropa Parlamenti Avropa İttifaqını Gürcüstanda media azadlığının vəziyyətinin pisləşməsi ilə əlaqədar İvanişviliyə qarşı sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirməyə çağırıb.
Gürcüstanın Avropa İttifaqına namizəd statusu əldə etmək perspektivi onun qarşısına qoyulan 12 tələbin yerinə yetirilməsindən asılıdır. Bu tələblərdən biri də anti-oliqarxiya haqqında qanunun qəbul edilməsidir. Bir sıra Avropa Parlamenti deputatları oliqarxizasiya haqqında qanunun qəbul edilməsi tələbinin açıq şəkildə İvanişviliyə aid edildiyini ifadə ediblər.
Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.