“Başqaları kimi ictimaiyyətə çatmaq üçün dəyərlərimizi güzəştə getməyəcəyik"
Gürcüstanın Yaşıllar Partiyası Tbilisidə kuir və qadınların hüquqlarını, eləcə də ətraf mühitin mühafizəsini təşviq edəcəyini vəd edir.
Partiyanın liderlərindən və qurucularından biri olan Tornike Kusianinin sözlərinə görə, təşəbbüsə artıq 400-ə yaxın insan imza atıb.
Partiyanın qurucuları çıxışlarında qadınlar və kuir hüquqları, eləcə də ətraf mühitlə bağlı hökumətin gündəliyini tənqid ediblər:
“Məqsədimiz iki istiqamətdə mühüm problemləri gündəmə gətirməkdir. Yaşıl məsələlər - ekologiya, iqlim, ətraf mühitin mühafizəsi və bərabərlik məsələləri - o cümlədən kuirlərin, qadınların, əlillərin, etnik və dini azlıqların, aztəminatlı sosial kateqoriyalardan olan insanların hüquqlarıdır" - partiyanın liderlərindən və qurucularından biri olan 27 yaşlı Tamar Jakeli bu barədə 'OC Media'ya bildirib.
Jakeli deyir ki, o və digər təsisçilər təxminən iki il əvvəl, Gənc Yaşıllar Hərəkatının üzvü olanda öz partiyalarını qurmağı planlaşdırmağa başlayıblar.
Son illərdə Gürcüstanda qadınların, quirlərin və etnik qruplarının hüquqlarının bir sıra hallarda kobud şəkildə pozulması halları müşahidə olunur.
Ötən ilin iyununda planlaşdırılan qürur yürüşünü sağçı homofob qruplar dağıdıb, onlar jurnalistlərə hücum ediblər. Həmin gün 50-dən çox jurnalist də daxil olmaqla onlarla insan yaralanıb.
Müxalifət qrupları tez-tez növbədənkənar seçki tələb etsə də, Gürcüstanda növbəti parlament seçkiləri 2024-cü ildə keçiriləcək.
Partiya liderləri hakimiyyətə gələcəkləri təqdirdə Gürcüstanda sistemli dəyişikliklər etməyi planlaşdırdıqlarını bildiriblər:
“Son bir neçə il bizə göstərdi ki, ölkədə vətəndaş fəallığının ənənəvi formaları artıq heç bir nəticə vermir, çünki insan bir ay parlamentin qarşısında çadır qura bilər, ancaq yenə də hakimiyyət ona məhəl qoymur”, OC Media-ya Gənc Yaşıllar hərəkatının keçmiş fəalı Tornike Kusiani bildirib.
“Biz anladıq ki, sistemlə xaricdən mübarizə aparmaqla yanaşı, daxildən də mübarizə aparmaq lazımdır”.
Kusiani bildirib ki, partiya özünü seçicilərə daha xoş göstərmək üçün quir və feminist dəyərlərindən əl çəkməyəcək:
“Başqaları kimi ictimaiyyətə çatmaq üçün dəyərlərimizi güzəştə getməyəcəyik. Biz bütün hüquqları pozulanlar üçün platforma yaratmaq istəyirik. Biz başa düşürük ki, struktur dəyişikliyi Gürcüstanda ən vacib dəyişiklikdir”.
Hazırda Gürcüstanın siyasi sistemində 200-ə yaxın siyasi partiya və müstəqil siyasətçi var.
Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.