Qadınlar parkda oynayan uşaqlarına uzaqdan baxmaq məcburiyyətində qalıblar
2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban qadınların hüquqlarını məhdudlaşdırmaqda davam edir. Təhsil almaq və ictimai yerlərdə işləmək kimi qadağası olan qadınlara paytaxt Kabildə əyləncə parklarına və bağlara girişlər də məhdudlaşdırılıb.
Həftənin əvvəlində park və bağ idarələrinə göndərilən mesajda qadınların belə ictimai yerlərə girişinin qadağan edilməsi tələb olunub.
İndiyədək ölkədə kişi və qadınların müxtəlif vaxtlarda park və bağlara girməsinə icazə verilirdi.
Parka buraxılmadığı üçün uşaqlarının oynadığı yerə restorandan baxmaq məcburiyyətində qalan Vahidə AFB-nin müxbirinə "bezginliyini" belə ifadə edib: "Məktəb yox, iş yox. Bir az əylənə bilmək üçün harasa getmək imkanımız olmalıdır".
20 illik müharibədən sonra 2021-ci ilin avqustunda ABŞ ordusunun geri çəkilməsi ilə ölkəyə nəzarəti ələ keçirən Taliban qruplaşması o tarixdən bəri qadınların hüquqlarına sərt məhdudiyyətlər qoyub.
Qadınlara ibtidai məktəbdən sonra təhsillərini davam etdirmələri, bütün bədənlərini və üzlərini örtən niqab olmadan çölə çıxmaq qadağan edilib.
Bundan əlavə, qadınların təkbaşına səyahətləri, ictimai işlərin böyük bir hissəsində çalışmaları qadağan edilib.