Dirçələn Ermənistan partiyasının deputatları parlamenti tərk edib
Müxalif Dirçələn Ermənistan partiyası parlamenti tərk etdiyini elan edərək, ölkədə qalan sonuncu müxalifət blokunun dağılmasına səbəb olub.
Partiya ölkənin ikinci ən böyük parlament qüvvəsi olan "Ermənistan" blokunda Erməni İnqilabi Federasiyası (ARF - Daşnaksütyun Partiyası) ilə müttəfiq idi.
Dirçələn Ermənistan partiyasını 4 deputat təmsil edib, onlardan 3-ü parlamenti tərk edib.
“Bu gün biz bu fikirdə olmaqda davam edirik ki, aylar əvvəl Milli Məclisin iclaslarını boykot etməyə məcbur edən bütün əsaslar bu gün də aktuallığını qoruyub saxlayır. Dirçələn Ermənistan partiyasının bəyan etdiyi dəyərlər və siyasətlər çərçivəsində müxalifət kimi fəaliyyətini davam etdirəcək", - partiyanın bəyanatında deyilir.
Dirçələn Ermənistan partiyası 2020-ci ildə II Qarabağ müharibəsindən az sonra Sünik vilayətinin keçmiş qubernatoru Vahe Akopyan tərəfindən yaradılıb. Partiya 2021-ci il seçkilərində Daşnaksütyun və ölkənin ikinci prezidenti Robert Köçəryanla müttəfiq idi. Koalisiya səslərin təxminən 30 faizini qazanaraq 107 yerdən 36-nı tutmuşdu.
Köçəryan parlamentə daxil olmaqdan imtina etdikdə Dirçələn Ermənistan-ARF bloku parlamentin əsas müxalifətinə çevrildi.
Ölkənin digər kiçik müxalifət partiyalarından biri olan Vətən Partiyası iyunda İrəvan küçələrində hökumət dəyişikliyi tələbi ilə aylarla davam edən etirazlardan sonra parlamenti tərk edib. Paşinyanın keçmiş müttəfiqi və Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyan tərəfindən yaradılan partiya ölkənin keçmiş iqtidar Respublika Partiyası ilə parlament blokunun bir hissəsi idi.
Yeni iki partiyanın parlamenti tərk etməsi ilə Ermənistanın parlamenti iki keçmiş hakim və indiki iqtidar partiyalarına - Daşnaksütyun, Respublikaçılar və Mülki Müqavilə partiyalarına qayıdıb.
II Qarabağ Müharibəsindən və son Ermənistan-Azərbaycan silahlı qarşıdurmasından sonra Ermənistan müxalifəti parlament iclaslarında böyük ölçüdə iştirak etmir və küçə etirazları ilə baş nazir Paşinyanı hakimiyyətdən uzaqlaşdıracağını bəyan edir. Mitinqlər aylarla davam etsə də, etirazçılar hakimiyyət dəyişikliyi məqsədlərinə nail ola bilməyiblər.
Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.