“Dağlıq Qarabağın statusu məsələsi gələcək nəsillərin öhdəsinə buraxılmalıdır”
Ermənistan hökuməti Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin qeyri-müəyyən müddətə təxirə salınmasını düzgün hesab edir. Bunu bu gün Ermənistan parlamentində çıxış edən baş nazir Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, bu məsələnin təxirə salınması təklifi Rusiyadan gəlib. O, bu qərarı qarşılıqlı məqbul status tapmağın mümkünsüzlüyü ilə əsaslandırıb.
Soçidə Paşinyan-Əliyev-Putin görüşündən sonra Rusiyanın Ermənistandakı səfiri bəyan edib ki, Moskvanın fikrincə, Dağlıq Qarabağın statusu məsələsi gələcək nəsillərin öhdəsinə buraxılmalıdır.
Paşinyan bu gün bildirib ki, rəhbərlik etdiyi hökumətin siyasəti yüz faiz Rusiyanın baxışına uyğundur:
“Məsələnin üç komponenti var: təhlükəsizlik, Dağlıq Qarabağ ermənilərinin hüquqları və statusu. Diqqət etdinizsə, biz bu günün həlli problemi kimi “status” sözünü bir kənara qoymağa çalışdıq. Niyə? Çünki biz rusiyalı həmkarlarımızla razılaşdıq ki, indi bu problemi həll etməyə çalışmamalıyıq, əks halda bu, qaçılmaz böhrana gətirib çıxaracaq”.
Paşinyanın sözlərinə görə, Əliyevlə son danışıqlar zamanı erməni tərəfi Soçidəki üçtərəfli bəyanatda Rusiyanın təkliflərinə istinadın yer almasında təkid edib. Bu təkliflərə əsasən, status məsələsinin müzakirəsi qeyri-müəyyən müddətə təxirə salınıb.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin məsələnin həlli üçün iki variantın - Vaşinqton və Rusiya versiyalarının olduğunu bildirib. Putin deyib ki, Vaşinqtonun versiyasına əsasən, Qarabağ Azərbaycanın bir hissəsi kimi tanınır. Rusiya versiyasına görə isə sülh müqaviləsində Qarabağın adı çəkiləcək, lakin bu, Rusiya prezidentinin qeyd etdiyi kimi, Azərbaycanla razılaşdırılmalıdır.
Vaşinqton bu bəyanatı dezinformasiya adlandırıb.