Kupon pandemiyadan sonra canlı sənətə marağı yenidən oyatmaq və bu sahəni inkişaf etdirmək məqsədi daşıyır
Almaniya hökumətinin başlatdığı proqram çərçivəsində gənclərə seçdikləri mədəni istirahət növlərində xərcləmələri üçün bir kupon təklif edilir.
Bütün 18 yaşlı almanların istifadəsinə veriləcək 200 avro dəyərində “Kulturpass”-ın iki məqsədi var: gəncləri canlı mədəniyyətlə yaxından tanış etmək və pandemiya zamanı yaranan evdə qalma vərdişlərindən əl çəkməyə təşviq etmək. Beləliklə sərt qapanmalardan sonra hələ də özünə gələ bilməyən sənət dünyasına maddi təkanın verilməsi planlaşdırılır.
Maliyyə naziri Kristian Lindner gənclərin iki il ərzində teatr və konsert biletlərindən tutmuş kitablara və ya musiqiyə qədər hər şey üçün istifadə edə biləcəyi kuponu "mədəni başlanğıc kapitalı" adlandırıb. Kupon kitab mağazalarından tutmuş teatrlara qədər hər şeyin virtual bazarı ilə birbaşa əlaqəni təmin edən proqram və vebsayt vasitəsilə idarə olunacaq.
Almaniyanın mədəniyyət naziri Klaudiya Rot “mədəni pasport”u 2023-cü ildə 18 yaşı tamam olacaq 750 min insan üçün “doğum günü hədiyyəsinə bərabər” adlandırıb.
Bu addım Avropa İttifaqının ən sıx əhalisi olan ölkəsini analoji sxemi tətbiq edən Fransa, İtaliya və İspaniya ilə eyni sıraya qoyacaq.
Almaniya dövləti kuponun təxmini dəyərini ölkənin illik 2,3 milyard avroluq mədəniyyət büdcəsinə əlavə olaraq 100 milyon avro hesablayıb.
Hökumət bununla canlı mədəniyyətə xüsusi diqqət yetiriləcəyinə, teatrların və konsert məkanlarının gəlir uğrunda mübarizə apararkən yeni tamaşaçıları toplamaq üçün bu sxemdən istifadə edəcəyinə ümid edir.
Almaniyalı nazirlər bildirirlər ki, əgər sistem uğurlu olarsa, bu tətbiq genişləndiriləcək, 15 və yuxarı yaş qruplarını əhatə edəcək.