Ukrayna Prezident Aparatının rəhbəri: “Rusların bu ayıbı onların bütün nəsillərinə baha başa gələcək”

Ukrayna Prezident Aparatının rəhbəri: “Rusların bu ayıbı onların bütün nəsillərinə baha başa gələcək”
31 Oktyabr 2022
Mətni dəyiş

Ukraynaya kütləvi zərbələr endirilib


Oktyabrın 31-i səhər saatlarında Ukraynanın bütün bölgələrində həyəcan siqnalı verilib.  Ukrayna mənbələri Kiyev, Dnepropetrovsk, Zaporojye, Kirovoqrad və ölkənin digər vilayətlərində partlayışların baş verdiyini bildiriblər.

Kiyev, Poltava və Vinnitsa bölgələrində hava hücumundan müdafiə sistemi işə düşüb. Yerli hakimiyyət orqanları Zaporojye və Çerkassı vilayətlərində, həmçinin Kiyevlə Xarkovda infrastrukturun vurulduğunu bildiriblər.

Ukrayna və Rusiya mediasının yazdığına görə, Zaporojyedəki Dnepr və Odessa vilayətindəki su elektrik stansiyalarında partlayışlar baş verib.

Kiyev meri Vitali Kliçko bildirib ki, zərbələr nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb, bir neçə rayonda su təchizatı dayanıb. BBC müxbirinin sözlərinə görə, Kiyevdə “çoxlu partlayışlar” eşidilib, bundan sonra şəhərdə nəinki elektrik enerjisi kəsilib, hətta rabitə də yox olub. Xarkovda atışmalardan sonra metronun fəaliyyəti dayandırılıb.

Enerji infrastrukturunun atəşə tutulmasından sonra Ukrayna dəmiryollarının bir neçə qolu elektriksiz qalıb. 

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak ölkənin yeni kütləvi bombalanmasını şərh edərkən bildirib ki, ruslar “mülki hədəflərə qarşı mübarizəni davam etdirirlər”: 

“Biz dözəcəyik və rusların ayıbı onların bütün nəsillərinə baha başa gələcək. Biz arxa və ön cəbhədə işimizi davam etdiririk” - deyə o əlavə edib.

Rusiyanın Müdafiə Nazirliyi Ukrayna ərazilərinə kütləvi zərbələr endirilməsi ilə bağlı hələlik şərh verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun