Avropa Parlamentinin prezidenti: "Bilirəm ki, Ukraynanın cəsarətli xalqı təslim olmayacaq, biz də təslim olmayacağıq”
2022-ci il “Saxarov” Mükafatı fevralın sonundan bəri Rusiyanın işğalına qarşı döyüşən “cəsur Ukrayna xalqı”na verilib.
Avropa Parlamenti oktyabrın 19-da bəyanat yayaraq bildirib ki, mükafat “Prezident Volodimir Zelenski, seçilmiş liderləri və vətəndaş cəmiyyəti ilə təmsil olunan cəsur ukraynalılara” verilir.
“Bu mükafat vuruşan ukraynalılar üçündür. Qaçmağa məcbur qalanlar üçündür. Qohumlarını, dostlarını itirənlər üçündür. Ayağa qalxıb inandığı uğrunda döyüşənlər üçündür. Bilirəm ki, Ukraynanın cəsarətli xalqı təslim olmayacaq, biz də təslim olmayacağıq” – parlamentin prezidenti Roberta Metsola bəyanatında deyib.
Zelenski “Twitter”-də mükafatın Ukrayna xalqına verilməsinə görə təşəkkür edib:
“Ukraynalılar hər gün cəbhədə Rusiyanın timsalında terrorçu dövlətlə vuruşmaqla azadlıq, demokratiya dəyərlərinə sədaqətlərini sübut edirlər” – Zelenski yazıb.
Daha əvvəl namizədlər arasında “WikiLeaks” portalının təsisçisi Culian Assanc və Kolumbiya Həqiqət Komissiyasının da adı var idi.
“Saxarov” mükafatını 1988-ci ildə Avropa Parlamenti təsis edib və "dünyada insan hüquqları uğrunda mübarizəyə müstəsna töhfə vermiş" şəxslərə verilir. Sovet hüquq müdafiəçisi və dissident Andrey Saxarovun adını daşıyır və mükafat fondu 50 000 avrodur.