Rasim Məmmədov: “Məni tutmaq istəyirlərsə, tapança qoysunlar, bomba qoysunlar, yoxsa bu nədir?!”

Rasim Məmmədov: “Məni tutmaq istəyirlərsə, tapança qoysunlar, bomba qoysunlar, yoxsa bu nədir?!”
11 Oktyabr 2022
Mətni dəyiş

“İş adamlarının başına gətirilənlər bu ölkəyə sərmayə yatırmaq istəyənləri çəkindirir”

Oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Steel Company” MMC – poladəritmə zavodunun iki ilə yaxındır həbsdə olan keçmiş rəhbəri, Rasim Məmmədovun işinə baxılıb. 

Meydan TV-nin məlumatına görə, Rasim Məmmədov məhkəmədə çıxış etməmişdən əvvəl şahid Natiq Həşimov dindirilib.

İttihama görə, onun adına müxtəlif şirkətlər yaradılıb və “Azeri Steel 2009” MMC-nin hesabından həmin şirkətlərə nəqliyyat xərcləri adı altında pullar köçürülüb. Həmin pulları Natiq Həşimov nağdlaşdırıb və “Azeri Steel 2009” şirkətinin maliyyə direktoru Mübariz Səmədova verib.

Natiq Həşimov istintaqa ifadəsində 28 şirkət adı çəkib. Bu şirkətlərin bəziləri onun, bəziləri isə başqalarının adlarına təsis edilib. Onun sözlərinə görə, hər şirkət 200-300 manat müqabilində kiminsə adına açılıb.

Rasim Məmmədova qarşı ittihamlardan biri də “Azeri Steel 2009” şirkətilə bağlıdır. İş materiallarında iddia olunur ki, bu şirkət vasitəsilə o, “Baku Steel Company”ə ziyan vurub. İddiaya görə, zavodun istehsal etdiyi armaturlar bu şirkətə bazar dəyərindən ucuz qiymətə satılıb.

Rasim Məmmədov isə bu ittihamla razılaşmır. O bildirib ki, “Azeri Steel 2009” şirkəti ona məxsus deyil:

“Mənim olmayanı deyirlər sənindir, mənim olanı isə deyirlər, sənin deyil…”.

O həmçinin vurğulayıb ki, bir şirkətin malı alıb, üstünə müəyyən məbləğdə pul qoyub satmasına görə ittiham vermək absurddur:

“Bir anlıq təsəvvür edin ki, “Chanel” firması Azərbaycana 800 avroya çanta satır, Azərbaycan da onu 1500 avroya satıb. İndi durub kimsə Azərbaycanı ittiham edir ki, niyə belə eləyirsən? Belə şey olar?”.

O, “Baku Steel Company”nin onunla bağlı cinayət işində zərərçəkmiş kimi tanınmasına da etiraz edib:

“Bu zavodu alan mən, tikən mən, pulumu qoyan mən, tutulan da mənəm. Amma zərərçəkmiş kimi zavodu tanıyırsız? Bu, necə olur? Əsl zərərçəkmiş mənəm. Bütün əmlaklarım satılıb, kiminsə borcunu ödəməyə görə, 22 aydır həbsdəyəm. Sanki yatmışam, yuxudayam, ya da dəlixanadayam. Axı belə şey ola bilməz. Vaxt gələcək, cənab prezident hər şeyi biləcək.

Bəzi məmurlar mənim kimi biznesmenləri cənab prezidentin gözündən salır. Elə bilirlər, kimsə bu vəziyyətdə gətirib Azərbaycana sərmayə qoyacaq? Məni tutmaq istəyirlərsə, tutsunlar, bunun üçün başqa yollar var – tapança qoysunlar, bomba qoysunlar. Yoxsa bu nədi? Mənim beynim qaçmışdı ki, 2010-cu ildən pul qoyum, zavod alım, inkişaf elətdirim türməyə düşmək üçün? Cənab prezidentə yalan məlumat verilir. Hərə qoltuğuna bir papka götürüb gedir cənab prezidentin yanına… Mənə DTX-da deyirlər ki, 500 milyon pul qazanmısan. Birincisi, o qədər qazanmamışam. İkincisi də, yaxşı eləmişəm. Mən dövlət məmuru deyiləm ki. Nə vaxtsa bu söhbətlərin üstü açılacaq, məni bura saldıranların özləri gəlib burada oturacaq. Kimisə şərləmək kişi işi deyil…”

Rasim Məmmədov hələ orta məktəbdə onunla birlikdə oxumuş, “Baku Steel Company”də onun birinci müavini olmuş Çingiz Həsənov haqda da danışıb. Çingiz Həsənov da bu cinayət işi üzrə həbs edilib, bir müddət sonra azadlığa buraxılıb. Lakin onun haqqında cinayət təqibi davam edir.

Ötən həftə məhkəmədə dindirilən Çingiz Həsənov keçmiş dostu Rasim Məmmədovun əleyhinə ifadə verib, onu ittiham edib. Hətta onların aralarında gərgin vəziyyət yaranıb.

“Çingiz Nərimanov prospektində banan satırdı, onu oradan gətirib iş verdim. İndi həbsdəyəm deyə, gəlib burada mənimlə elə danışır. Anlamır ki, illərlə dostluq elədiyi adamın üzünə durana heç kim hörmət eləmir” – Rasim Məmmədov bildirib.
“Baku Steel Company”dən 185 milyonluq yeyintidə ittiham olunan Rasim Məmmədovun məhkəməsi oktyabrın 14-də davam edəcək.

Rasim Məmmədovu 2021-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb.

Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun