Putin bildirib ki, Ukrayna şəhərlərinin bombalanması Krım körpüsündə baş verən partlayışa cavabdır
Rusiya prezidenti Vladimir Putin oktyabrın 10-u səhər saatlarında Ukrayna şəhərlərinin bombalanmasının Krım körpüsündə baş verən partlayışa cavab olduğunu bildirib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının operativ iclasında çıxış edən V.Putin Krım körpüsündə baş verənləri “Rusiyanın mülki, mühüm infrastrukturunu məhv etməyə yönəlmiş terror hücumu” kimi qiymətləndirib. O, təxribatı təşkil etməkdə Ukrayna xüsusi xidmət orqanlarını ittiham edib.
“Kiyev rejimi öz hərəkətləri ilə əslində özünü beynəlxalq terrorçu birləşmələrlə, ən iyrənc qruplarla eyni səviyyəyə qoydu. Bu cür cinayətləri cavabsız qoymaq sadəcə olaraq mümkün deyil.
Bu gün səhər saatlarında Müdafiə Nazirliyinin təklifi və Rusiya Baş Qərargahının planlarına uyğun olaraq, yüksək dəqiqlikli uzaqmənzilli hava, dəniz və quru silahlarından Ukraynanın enerji, hərbi komandanlıq və rabitə vasitələri obyektlərinə kütləvi zərbələr endirilib. Ərazimizdə terror aktları törətmək cəhdləri davam edərsə, Rusiyanın cavabları sərt olacaq və miqyasına görə Ukraynanın yaratdığı təhlükələrin səviyyəsinə uyğun olacaq” – Putin çıxışında bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, oktyabrın 10-da səhər saatlarında Rusiya qoşunları Ukrayna şəhərlərinə 80-dən çox raket atıb, onların yarısı hava hücumundan müdafiə sistemləri vasitəsi ilə vurulub. Ukrayna hökuməti Kiyevin atəşə tutulması nəticəsində azı səkkiz mülki şəxsin həlak olduğunu bildirib.