Ölkə başçıları bu gün Soçidə görüşür
Oktyabrın 31-də Soçidə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü olacaq. Ermənistan və Azərbaycan liderləri artıq Soçiyə yola düşüblər.
“Mən Soçidə Rusiya sülhməramlılarının Dağlıq Qarabağda qalma müddətinin 15-20 il uzadılmasına dair sənədi imzalamağa hazıram”, - Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə baş tutacaq görüşdən əvvəl son açıqlamasında bu sözləri deyib.
“Rəsmi olaraq bəyan edirəm ki, Soçidə sənəd imzalamağa və Rusiya sülhməramlılarının Dağlıq Qarabağda mövcudluğunun 10,15,20 il müddətinə uzadılmasını qəbul etməyə hazıram. Mən Rusiya prezidentindən xahiş edirəm ki, belə bir təkliflə çıxış etsin, lazım gəlsə, mən də edəcəm, amma Rusiya prezidenti bunu dəstəkləməlidir, çünki Rusiya Federasiyasının sülhməramlılarının hansı müddətə orada qalacağına tək mən qərar verə bilmərəm. Əgər biz Rusiya ilə razılaşsaq, çoxluq təşkil edəcəyik” - Paşinyan bildirib.
9 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Dağlıq Qarabağda qalma müddəti, 5 illik müddətin bitməsinə 6 ay qalmış tərəflərdən heç birininn xitamla bağlı müraciəti olmadıqda, avtomatik 5 il uzadılır.
RİA Novosti-nin məlumatına görə, Soçidə Qarabağla bağlı hər hansı sənədin imzalanması ehtimalını şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov liderlərin görüşünü gözləməyə çağırıb.