"Ermənistanın əlaqə üçün yoxlama nöqtələrinin 3 qeyri-real variantını təklif etməsi yaxşı siyasət deyil"
“Ermənistan sərhəddə 3 keçid məntəqəsinin açılması ilə bağlı qərar layihəsinə Azərbaycanın müsbət cavabını gözləyir”. Bu barədə baş nazir Nikol Paşinyan özünün “Twitter” hesabında yazıb:
“Artıq bir neçə aydır ki, Ermənistan hökumətinin Şərqi Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində 3 nəzarət-buraxılış məntəqəsinin yaradılması barədə qərarı yayımlanıb. Ermənistan Azərbaycandan müsbət cavab gözləyir” – Nikol Paşinyan yazıb.
Bu ilin avqustun 18-də Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edən layihəni yayımlayıb.
Qurumdan bildirilib ki, məqsəd şəxslərin, malların və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçirilməsini təşkil etmək və həyata keçirmək üçün Ermənistanın dövlət sərhədində yeni buraxılış məntəqələrinin yaradılmasıdır.
Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı açıqlamada Ermənistan Baş nazirinin təklifini müsbət qarşılamayıb:
"Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanata əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır. Ermənistanın 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün yoxlama nöqtələrinin 3 qeyri-real variantını təklif etməsi yaxşı siyasət deyil".