Mükafat həbsdə olan belaruslu hüquq müdafiəçisi Ales Belyatskidən başqa Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatına və Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzinə verilib
2022-ci il üçün Nobel Sülh Mükafatı qaliblərini açıqlayıb. Mükafat belaruslu hüquq müdafiəçisi Ales Belyatskiyə, Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatına və Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzinə verilib. Bu barədə Nobel Komitəsi məlumat yayıb:
"Laureatlar öz ölkələrində vətəndaş cəmiyyətini təmsil edirlər. Onlar illər ərzində hakimiyyəti tənqid və vətəndaşların təməl haqlarını müdafiə etmək hüququnu təbliğ ediblər, müharibə cinayətlərini, insan hüquqlarının pozulmasını və vəzifədən sui-istifadə hallarını sənədləşdirmək üçün mühüm işlər görüblər. Onlar birlikdə sülh və demokratiya üçün vətəndaş cəmiyyətinin əhəmiyyətini nümayiş etdirirlər" - Nobel Komitəsi açıqlamasında deyib.
Hazırda həbsdə olan Ales Belyatskiy 1980-ci illərin ortalarında Belarusda yaranmış demokratik hərəkatın təşəbbüskarlarından biri olub. Komitə qeyd edir ki, o, həyatını "ölkəsində demokratiyanın və dinc inkişafın təşviqinə" həsr edib. Belyatskiy siyasi məhbuslara qarşı işgəncələrin tətbiqini sənədləşdirən və etiraz edən “Vyasna” insan haqları hərəkatının yaradıcısıdır.
Hüquq müdafiəçisi 2021-ci il iyulun 14-də saxlanılıb, evində və təşkilatın ofisində axtarış aparılıb. O, vergidən yayınmada ittiham olunur. Belyatskiy hələ də Minskdəki 1 nömrəli istintaq təcridxanasında həbsdədir.
Fəal mövqeyinə və insan hüquqları sahəsində fəaliyyətinə görə Ales Belyatskiy 20 dəfədən çox mühakimə olunub: əvvəlcə Belarus SSR-də, sonra isə müasir Belarusda.
O, siyasi mübarizəyə və insan haqlarının müdafiəsindəki xidmətlərinə görə, beş dəfə Nobel Sülh Mükafatına namizəd göstərilib.
“Memorial” SSRİ-də repressiyaları və Rusiyadakı təqibləri öyrənən ən qədim təşkilatlardan biridir. hələ 1989-cu ildə Andrey Saxarovun iştirakı ilə yaradılıb. 2021-ci il dekabrın 28-də Rusiya Ali Məhkəməsi “xarici agentlər” reyestrinə daxil edilmiş “Beynəlxalq Memorial”ın ləğvi barədə qərar qəbul edib.
“Memorial” keçmiş cinayətlərlə üzləşməyin yeni cinayətlərin qarşısını almaq üçün zəruri olduğu anlayışına əsaslanır. Təşkilat həmçinin militarizmlə mübarizə və qanunun aliliyinə əsaslanan insan haqları və hökumətləri təşviq etmək səylərinin önündədir. Çeçen müharibələri zamanı “Memorial” Rusiya və rusiyapərəst qüvvələrin əhaliyə qarşı törətdiyi sui-istifadələr və hərbi cinayətlər haqqında məlumat toplayaraq yoxlayıb. 2009-cu ildə bu işə görə “Memorial”ın Çeçenistandakı filialının rəhbəri Natalya Estemirova öldürülüb.
“Vətəndaş Azadlıqları Mərkəzi” Ukraynada insan haqları və demokratiyanı təşviq etmək üçün yaradılıb. Komitə yazır ki, təşkilat Ukrayna vətəndaş cəmiyyətini gücləndirmək və tam hüquqlu demokratiyaya çevirmək üçün hakimiyyətə təzyiq etmək mövqeyini tutub.
Məkəz 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən bəri Ukrayna əhalisinə qarşı törədilən hərbi cinayətləri sənədləşdirir.
"Təşkilat günahkarların cinayətlərinə görə məsuliyyətə cəlb edilməsində aparıcı rol oynayır" - Nobel Komitəsi qeyd edib