Rusiyanı Krım yarımadası ilə birləşdirən Krım körpüsündə oktyabrın 8-i səhər 6 radələrində partlayış baş verib.
“Kyiv Independent” saytının məlumatına görə, partlayışdan sonra Kerç boğazının üzərində yerləşən körpüdə avtomobil və dəmir yolu hissəsində hərəkət tam dayanıb.
Rusiyanın dövlət xəbər agentliyi RİA Novosti körpünün bir hissəsində yanacaq çəninin yandığını və gəmi tağlarının zədələnmədiyini bildirib.
İlkin məlumata görə, avtomobil yolu ilə hərəkət edən yük maşınında güclü partlayış baş verib və bundan sonra körpünün həmin yerindən keçən yanacaqla dolu qatarda da bir neçə partlayış olub.
Şahidlərin çəkdiyi videolarda dəmiryolunda olan qatarda güclü yanğın baş verdiyi, həmçinin, avtomobil yolunun çökdüyü və sıradan çıxdığı görünür.
Rusiya tərəfi hadisə ilə bağlı təhlükəsizlik kameralarına düşən görüntülər yayımlayıb. Videolardan görünür ki, hərəkətdə olan yük maşını partlayır.
Rəsmi açıqlamaya görə, hadisə nəticəsində 3 nəfər həyatını itirib.
Hadisədən sonra Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov 'Twitter' hesabından partlayışın videosundan və Merlin Manronun ifa etdiyi 'Happy Birthday Mister President' mahnısından ibarət kollaj paylaşıb.
Ukrayna tərəfi hücumu rəsmi olaraq üzərinə götürməyib. Ancaq Ukrayna Prezident Administrasiyası rəhbərinin müşavidi Mixaylo Podolyak hadisə ilə bağlı 'Twitter' hesabından paylaşım edib: 'Krım, körpü, başlanğıc. Qanunsuz olan hər şey məhv edilməli, oğurlanan hər şey Ukraynaya qaytarılmalıdır'.
Hadisədən bir gün sonra Rusiya Prezidenti Vladimir Putin hücumla bağlı Ukrayna tərəfini günahlandırıb və körpünün partladılmasının Ukrayna xüsusi xidmət orqanlarının əməliyyatı olduğunu iddia edib.