Onlar Ermənistanın Müdafiə Nazirliyindən itkin düşənlərlə bağlı məlumat verilməsini tələb ediblər
Sentyabrın 13-14-də Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurma zamanı itkin düşən hərbçilərin ailələri bu gün səhər saatlarında Marqara-Eçmiədzin yolunu bağlayıb.
Azadlıq Radiosunun erməni bürosunun məlumatına görə, həm hərbçilərin yaxınları, həm də kənd sakinləri Ermənistan Müdafiə Nazirliyindən və hökumətindən itkin düşənlərlə bağlı hər hansı məlumat verilməsini tələb ediblər.
Etirazçıların sözlərinə görə, itkin düşənlərdən Vahe Torosyan Qapanda xidmət edib və indi yaxınlarının onun haqqında heç bir məlumatı yoxdur. Hərbçinin valideynləri və yaxınları Müdafiə Nazirliyində bütün koordinatların olduğunu iddia edərək, hərbçinin ərazidən çıxarılmasını tələb ediblər.
Torosyanla birlikdə xidmət edənlər onun bir neçə yerindən yaralandığını bildiriblər.
Sentyabrın 12-dən 14-dək Ermənistan-Azərbaycan sərhədində baş verən intensiv döyüş əməliyyatları nəticəsində rəsmi məlumatlara görə, Ermənistanın 207, Azərbaycanın 80 nəfər hərbçisi ölüb və itkin düşüb, hər iki tərəfdən yüzlərlə insan yaralanıb.