İranın paytaxtı Tehranda yerləşən Evin həbsxanasında yanğın olub və təhlükəsizlik qüvvələri ilə məhbuslar arasında qarşıdurma baş verib.
Bu barədə ilk olaraq sosial mediada görüntülər yayılıb. Şənbə günü axşam baş verən yanğından sonra həbsxanadan silah səsləri gəlməyə başlayıb.
Evin həbsxanasındakı qarşıdurma İran hökuməti əleyhinə davam edən etirazlar fonunda baş verib. Həbsxanada son etirazlardan sonra həbs olunan şəxslər də saxlanılır. Yanğından xəbər tutan insanlar ora toplaşmağa başlayıblar və "diktatora ölüm" şüarları səsləndiriblər.
ABŞ-da yerləşən İran İnsan Haqları Mərkəzi həbsxanada “silahlı qarşıdurma”nın başladığını bildirib. Təşkilat əlavə edib ki, ilk dəfə həbsxananın 7-ci bölməsində atəş açılıb. Məlumat rəsmi olaraq təsdiqlənməyib.
Baş verən yanğına və qarşıdurmaya nə səbəb olduğu hələlik məlum deyil.
"Çoxlu sayda xüsusi təyinatlı polis və təcili yardım maşınları var"
İslam Respublikası Xəbər Agentliyinin (İRNA) məlumatına görə, yanğın zamanı azı 8 nəfər xəsarət alıb. Dövlət mediası təhlükəsizlik rəsmisinə istinadən baş verən iğtişaşlarda "cinayətkar elementləri" günahlandırıb. Rəsmilər həbsxanada sabitliyin bərpa olunduğunu bildirib.
“Evin həbsxanasına gedən yollar nəqliyyat üçün bağlıdır. Burada çoxlu təcili yardım maşınları var. Hələ də atəş səsləri eşidirik” - deyə şahid 'Reuters' agentliyinə bildirib.
Digər şahid bildirib ki, məhbusların ailələri həbsxananın əsas girişinə toplaşıblar: “Mən atəş səsləri eşidir və tüstü görürəm. Çoxlu sayda xüsusi təyinatlı polis və təcili yardım maşınları da buradadır”.
'1500tasvir' kanalı polis motosikletlərinin həbsxanaya doğru getdiyini göstərən video paylaşıb.
ABŞ-da yerləşən HRANA insan haqları agentliyinin hesablamalarına görə, İranda sentyabrın 17-də keçirilən nümayişdən bəri ən azı 233 etirazçı həlak olub. Təşkilat ölənlərin 32-nin 18 yaşdan kiçik olduğunu bildirib.
Məhsa Əmininin ölümü ilə bağlı ictimai qəzəb qızların və qadınların həmrəyliyi üçün küçədə hicablarını çıxarıb saçlarını kəsdirmələrinə səbəb olub.
Azı 19 şəhərə yayılan hərəkata cəmiyyətin digər kəsimləri, o cümlədən neftçilər də qoşulub. Bu etirazlar 2009-cu ildə ölkənin Yaşıl Hərəkatından bəri İran teokratiyasına qarşı ən böyük etirazlardan birinə çevrilib.
Həbsxanalarda da iğtişaşlar baş verib. Bu yaxınlarda Gilan əyalətinin şimalındakı Lakan həbsxanasında məhbuslarla mühafizəçilər arasında toqquşmalar baş verib.
İran hakimiyyəti sübut təqdim etmədən iğtişaşları Qərbin sui-qəsdi adlandırıb.