Erməni deputat: “Azərbaycan Ermənistanın 127 kvadrat kilometr ərazisini ələ keçirib”

Erməni deputat: “Azərbaycan Ermənistanın 127 kvadrat kilometr ərazisini ələ keçirib”
25 Oktyabr 2022
Mətni dəyiş

Müxalifətçi deputat Seyran Ohanyan 50-dən çox mövqenin itirilməsindən danışıb

“Son bir ildə Azərbaycan silahlı qüvvələri Ermənistanın 127 kvadrat kilometrə yaxın ərazisini ələ keçirib”. Bu barədə hakim partiyanın deputatı Armen Xaçatryan KTMT-yə üzv ölkələrin parlamentarilərinin Sankt-Peterburqda keçirilən görüşü zamanı bildirib.

Xaçatryan bu məlumatı yayan ilk rəsmi şəxsdir. Bundan əvvəl baş nazir bildirib ki, sentyabrın 13-də baş vermiş hücum nəticəsində Azərbaycan 10 kvadrat kilometr, 2021-ci ildə isə 41 kvadrat kilometr ərazini işğal edib. 

Bu vaxta qədər Ermənistan rəsmiləri Azərbaycanın 51 kvadrat kilometr ərazini işğal etdiyini açıqlamışdı. Qalan 76 kvadrat kilometr ərazinin niyə indiyədək açıqlanmadığı məlum deyil.
 
Oktyabrın 24-də Tavuş bölgəsində vətəndaşlarla görüşən müxalifətçi deputat Seyran Ohanyan 50-dən çox mövqenin itirilməsindən danışıb. Keçmiş müdafiə naziri bu məlumatları haradan aldığını açıqlamayıb.
 
“Siz və sizin hökumətiniz sentyabrın 13-də 50-dən çox mövqeni düşmənə təslim etdiniz” - Ohanyan deyib.
 
Sentyabr döyüşlərindən ay yarım keçsə də, Ermənistan Müdafiə Nazirliyi neçə mövqenin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdiyi, onların harada yerləşdiyi və strateji əhəmiyyətinin nədən ibarət olması barədə susmaqda davam edir. Bu gün Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib ki, hələ də dəqiqləşdirmə işləri aparılır. 
 
“Həm maddi, həm də digər itkilərin dəqiqləşdirilməsi istiqamətində iş aparılır, bu işlər başa çatdıqdan sonra Müdafiə Nazirliyi ümumi məlumat verəcək” - Torosyan bildirib.
 
Bu arada, sentyabr qarşıdurmasından bir həftə sonra Azərbaycan prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində Murov dağlarından Araz çayına qədər mövqe üstünlüyünə malik olduqlarını bildirib.
 
“Bu mövqelər bizə həm hərbi üstünlük, həm də mühüm infrastrukturlar da daxil olmaqla, böyük əraziyə vizual nəzarət yaratmaq imkanı verir. Biz artıq bu ərazilərdəyik. 30 ildir ki, biz bu sərhəddə olmamışıq” - deyə Əliyev bildirib.
 
Sentyabrın 12-dən 14-dək Ermənistan-Azərbaycan sərhədində baş verən intensiv döyüş əməliyyatları nəticəsində Azərbaycan tərəfi 80 nəfər, Ermənistan isə 210 nəfər hərbçisinin həlak olduğunu açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun