Ermənistan Müdafiə Nazirliyi bildirib ki, əsirlərin qaytarılması ABŞ-ın vasitəçiliyi ilə olub
Sentyabrın 13-14-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş qanlı toqquşmalar zamanı Azərbaycanın əsir götürdüyü hərbçilər Ermənistana təhvil verilib.
Məlumatı təsdiqləyən Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın ABŞ-ın vasitəçiliyi ilə 17 hərbi əsiri geri qaytardığını açıqlayıb.
Sentyabrın 13-də gecə yarısı Ermənistan-Azərbaycan sərhədində başlanan intensiv döyüş əməliyyatları nəticəsində rəsmi məlumatlara görə, Ermənistanın 206, Azərbaycanın 80 nəfər hərbçisi ölüb və itkin düşüb, hər iki tərəfdən yüzlərlə insan yaralanıb. Sentyabrın 14-ü axşam saatlarında atəşkəs elan edilib. Amma atəşkəs hələ də vaxtaşırı pozulur, nəticədə Ermənistan tərəfdən daha 3 ölü və bir yaralı, Azərbaycan tərəfdən isə 4 yaralı var.