Aİ nümayəndəsi Azərbaycana qarşı sanksiyaların nəzərdə tutulmadığını bildirib
“Avropa İttifaqı (Aİ) Azərbaycana qarşı sanksiyaları, eləcə də qaz kontraktını ləğv etməyi, yaxud dondurmağı nəzərdən keçirmir”- Bunu Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel Avropa Parlamentinin dünənki iclasında deyib.
Bununla belə, o, Azərbaycanın Ermənistana “hücum etdiyini”, ərazisinin bir hissəsini “işğal etdiyini” bildirib.
“Aydındır ki, Azərbaycan raketləri və dronları Ermənistan ərazisini hədəfə alıb, mülki infrastruktura zərbə vurub. Azərbaycan Ermənistanın ərazisinin bir hissəsini işğal edib və bu, tamamilə qəbuledilməzidir. Bu, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasıdır və indi qoşunlar bir-birinə o qədər yaxındırlar ki, yeni münaqişə təhlükəsi var”, –Borrel vurğulayıb.
Azadlıq Radiosunun erməni xidməti bildirir ki, Aİ-nin beynəlxalq münasibətlər üzrə ali komissarı Bakını qoşunları çıxarmağa, əsirlərin güllələndiyi iddia olunan yeni videoları araşdırmağa çağırıb.
Azərbaycan Ermənistan ərazisinə hücumla bağlı ittihamları rədd edir, sərhədlərin hələ delimitasiya olunmadığını deyir.
Ötən həftəsonu hər iki tərəfdən yayılmış videolara gəlincə, Azərbaycan araşdırma apardığını bildirib, eyni zamanda Ermənistanı indiyədək hərbi cinayətlərə görə heç kəsi cəzalandırmamaqda ittiham edib.
Media yazır ki, erməni deputatlar Borrelin tənqidindən razı qalmayıblar. Bəziləri Azərbaycanla imzalanmış qaz sazişini ləğv etməyə, yaxud dondurmağa çağırıblar.
Borrel isə cavabında bunun baş verməyəcəyini deyib.