Xaricdə təhsil dövlət proqramından niyə hər kəs istifadə edə bilmir?

Xaricdə təhsil dövlət proqramından niyə hər kəs istifadə edə bilmir?
11 Yanvar 2022
Mətni dəyiş
https://www.youtube.com/watch?v=C_xfWGqSN5s

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təhsil sahəsində də bir çox addımların atılmasını nəzərdə tuturdu.

Belə ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında deyilirdi ki, 2015–2020-ci illər üçün gənclərin xarici ölkələrdə təhsil almasına dair yeni Dövlət Proqramı qəbul ediləcək.

2016-cı ilə qədər isə bu proqram “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilirdi. Məlumatlara görə, həmin illər ərzində ümumilikdı 3500-dən çox azərbaycanlı gənc xaricdə təhsil almağa göndərilsə də, onların böyük hissəsi təhsili bitirdikdən sonra geri qayıtmadı. Bu proqram çərçivəsində dövlət ümumilikdə 90 milyon manatdan çox vəsait xərcləmişdi.

Dövlət Proqramının icrasına dair bütün səlahiyyətlər təhsil nazirliyinə verildiyindən, bu sahədə yaranan problemlərə görə nazirlik ciddi şəkildə tənqidə məruz qalırdı.

2018-ci il noyabrın 16-sında isə Azərbaycan Respublikasının Prezidentinin 711 nömrəli Sərəncamı ilə “2019- 2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edildi. Bu sərəncamla da azərbaycanlı gənclərin xaricdə dövlət hesabına təhsil alması nəzərdə tutulurdu, ancaq proqramın icrası başlayanda, maraqlı məqamlar üzə çıxdı.

Məlum oldu ki, yeni proqramın icrası Təhsil Nazirliyindən alınıb, Azərbaycan Respublikasının Gənclər Fonduuna verilib. Bununla bərabər, yeni proqramda müraciətçilərə müxtəlif şərtlər irəli sürülüb.

Elanda qeyd olunub ki, müsabiqədə 16-29 yaş arasında olan Azərbaycan Respublikasının vətəndaşları magistr təhsil pilləsi üzrə iştirak edə bilər. Fondun xaricdə təhsil üzrə müəyyən etdiyi meyarlara cavab verən gənclərin yaşayış, yol, sığorta və viza xərcləri qarşılanacaqdır.

Yeni qaydalara görə, artıq xaricdə təhsil almaq istəyənlər ölkə yox, universitet seçməli idi. Bu da onunla əlaqəli idi ki, müraciətçilər inkişaf etmiş ölkələrin aşağı reytinqli universitetlərini seçməsinlər. Bununla bərabər, dövlət artıq maliyyə ayıracağı ixtisasları da müəyyən etmişdi. Bildirilirdi ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə, dövlət ancaq xüsusi kadr ehtiyacı duyduğu ixtisaslar üzrə maliyyə ayıracaq. Ən maraqlı məqam isə, imzalanan müqavilələrdə gənclərin təhsili başa vurduqdan sonra ölkəyə qayıtması şərt kimi irəli sürülmüşdü, əks halda onlar ödənilən vəsaiti geri qaytarmalı idilər.

Abzas.net ümumi vəziyyəti öyrənmək üçün Təhsil Nazirliyinə sorğu ilə müraciət edib. Cavabdan məlum olub ki, 2018-ci il noyabrın 16-sında imzalanan Azərbaycan Respublikasının Prezidentinin 711 nömrəli Sərəncamı həm də  “Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf konsepsiyasının fəaliyyət planı nəzərə alınmaqla imzalanıb.

“2016-cı ilə qədər xaricdə dövlət hesabına təhsil digər imkanlarla yanaşı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilirdi. “Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf konsepsiyasının fəaliyyət planı da nəzərə alınmaqla, 2018-ci il noyabrın 16-sında Azərbaycan Respublikasının Prezidentinin 711 nömrəli Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib”, - deyə cavabda qeyd olunub.

Nazirlik bildirib ki, Hazırda yuxarıda qeyd edilən Dövlət Proqramının məntiqi davamı olaraq “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Proqram çərçivəsində Azərbaycanın ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramları və xaricdə doktorantura səviyyəsi üzrə təhsilin maliyyələşdirilməsi aparılır.

“Proqram çərçivəsində bu günədək 3 qəbul həyata keçirilib, 84 Azərbaycan vətəndaşı dünyanın 13 ölkəsinin “ARWU” və “THE” reytinq cədvəllərində ilk 500-lükdə yer alan 44 nüfuzlu ali təhsil müəssisəsində doktoranturada təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İnha Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti, ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyə Respublikasının Ege Universiteti arasında ikili diplom proqramları həyata keçirilir”, - deyə Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabında qeyd olunub. Abzas Media məsələ ilə bağlı ekspertlərin fikirlərini videomaterialda təqdim edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun