28 Yanvar 2022
Mətni dəyiş
Ukrayna separatçılarının lideri Denis Puşilin Rusiyadan Qərbin dəstəklədiyi Kiyev qüvvələrinə qarşı müdafiə üçün müasir silahlar göndərməyi xahiş edib. Separatçılar əvvəlcə Ukraynanın Türkiyədən aldığı pilotsuz uçuş aparatı (PUA) Bayraktar TB2-yə qarşı çıxmalı olduqlarını bildiriblər.
Moskva ilə Qərb cəbhəsi arasında Ukrayna ilə bağlı gərginliyin artması ilə əlaqədar “Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyev çərşənbə günü Kremli Ukraynadakı separatçıların nəzarətində olan ərazini silahlandırmağa çağırıb.
Bundan sonra Ukraynadakı separatçılarla kremlyönümlü müşavirlər arasında danışıqlar başlayıb.
Kremlpərəst Vladimir Solovyovla onlayn görüş keçirən Ukraynanın Donetsk vilayətindəki separatçıların lideri Denis Puşilin deyib: “İlk növbədə “Bayraktar”lara qarşı durmağı bacarmalıyıq”.
Bildirilib ki, Solovyov Rusiyanın separatçılara Sovet dövründən qalma pulemyot və Kalaşnikov əvəzinə, yeni nəsil silahlar verə biləcəyini deyib.
Puşilin Kiyevi sursat və yanacaq ehtiyatı toplamaqda və hücuma hazırlaşmaqda ittiham edir.
Qərb ölkələri və Kiyev Moskvanı sərhədə silah və qoşun göndərməklə separatçıları qızışdırmaqda ittiham edir. Rusiya bu ittihamları rədd edir. Bununla belə qeyd edilir ki, Vasilyevin bu çağırışı Rusiyanın rəsmi mövqeyinin dəyişməsinə işarə ola bilər.