22 Yanvar 2022
Mətni dəyiş
Kabildəki son etirazlardan sonra Əfqanıstanın qadın hüquq müdafiəçisi, onun iki bacısı və daha bir fəal evlərindən aparılıb. Bu, onların Taliban tərəfindən saxlandığına dair şübhələrə səbəb olub. Bu barədə hüquq müdafiəçilərinin yaxınları məlumat verib.
Müstəqil jurnalist Şəfi Kərimi Amerikanın Səsinə bildirib ki, Tamana Pəryani və onun iki bacısı çərşənbə günü axşam itkin düşüb.
"Tamananın atası bu gün Talibanın bütün ofislərinə gedib, lakin qızları haqqında heç bir məlumat ala bilməyib" - deyə, Kərimi bildirib.
Associated Press xəbər agentliyi şahidlərə istinadən bildirib ki, Taliban Kabildəki mənzilə "hücum edib", "qapını sındırıb", Pəryani və bacılarını həbs edib.
Bazar günü Talibanın hicab və ya İslami baş örtüyünün qadınlar üçün məcburi olması barədə göstərişinə qarşı keçirilən etiraz aksiyasında iştirak edən daha bir qadının da saxlanıldığı güman edilir.
Taliban qadınların həbs edildiyini təkzib edib. "Bu xəbər əsassızdır və Kabildə heç bir qadın həbs olunmayıb", Talibanın sözçüsü Zabihulla Mücahid BBC xəbər agentliyinə deyib.
Taliban hökumətinin təkziblərinə baxmayaraq, fəallar daha çox həbslərin olacağını gözləyir.
"Talibanın bu gecə daha çox reydlər keçirəcəyindən xəbərdarıq. Biz evlərimizdə təhlükəsiz deyilik. Evlərimizi və nömrələrimizi dəyişirik. Taliban həbs edilmiş dostlarımızın telefonları vasitəsilə bizim telefon nömrələrimizə və digər məlumatlara çıxış əldə edə bilir” - deyə, təhlükəsiz səbəbindən adının çəkilməsini istəməyən qadın haqları müdafiəçisi və Paryaninin dostu Amerikanın Səsinə telefonla bildirib.
Human Rights Watch insan haqları təşkilatı Talibanın nümayişçilərə qarşı rəftarını pisləyib və bunu “zorakı təqib” adlandırıb. Human Rights Watch təşkilatının Qadın Haqları şöbəsinin müdir müavini Hizer Bar Amerikanın Səsinə şübhəli həbslərin “dərin narahatlıq” doğurduğunu deyib.
Əfqanıstan mediası Pəryaninin telefonunda qeyd etdiyi videonu yayımlayıb. Amerikanın Səsinin müstəqil olaraq təsdiq edə bilmədiyi və Aamaj News-da yayımlanan videoda Talibanın təhlükəsizlik qüvvələrinin onun qapısını döyərkən, onun qışqıraraq, yardıma çağırdığı göstərilir.
Video kadrlarda Pəryaninin "Yardım edin, Taliban evimizə gəlib, evdə yalnız mənim bacılarım var" dediyi, arxada isə digər qadınların "Qapını aça bilmirəm. Xahiş edirəm, yardım edin" deyə, qışqırtı səslərini eşitmək olub.
Talibanın qadın etirazçıları saxlaması siyasətçilər və vətəndaş cəmiyyəti fəallarının geniş tənqidinə səbəb olub.
Çərşənbə axşamı Taliban Pakistanın milli təhlükəsizlik müşaviri Moid Yusufun Kabilə səfərinə etiraz olaraq aksiya təşkil etdikləri üçün dörd fəalı - Əzim Əzimini, Əhməd Şahı, Əbdül Kərim Bilall və Hayatulla Raufini həbs edib.
Fəal İnayətulla Qazizadə Amerikanın Səsinin Diva şöbəsinə telefonla müsahibəsində Talibanın hələ də dostlarını həbsdə saxladığını və heç kimin onlarla danışmasına icazə vermədiyini deyib.
Qadın hüquq müdafiəçiləri Əfqanıstanda vaxtaşırı təhsil və işləmək hüquqlarını tələb edərək nümayişlər keçirir.
Birləşmiş Millətlər Təşkilatı, Human Rights Watch və Amnesty İnternational təşkilatlarının son hesabatlarında Əfqanıstanda insan haqlarının pozulması halları dəfələrlə vurğulanıb.